BAKI, 17 avqust. TELEQRAF

Azərbaycan texnologiya şirkətləri və vençur kapitalını cəlb etməyə yönəlmiş bir sıra islahatlar həyata keçirərək kiçik, amma inkişaf etməkdə olan texnologiya sektoruna xarici investisiyaların cəlb olunmasına çalışır.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Agentlik qeyd edib ki, Azərbaycan hökuməti texnologiya sektorunun ÜDM-dəki payını artırmağı və paytaxt Bakını Xəzər dənizinin sahilində texnologiya və innovasiya mərkəzinə çevirməyi hədəfləyir:

“İyul ayında qəbul edilmiş qanun investisiya alətləri üçün hüquqi çərçivə yaradır. Hökumətin bildirdiyinə görə, bu, startaplara və investorlara sövdələşmələri xarici yurisdiksiyalarda hüquqi şəxslər yaratmaq əvəzinə Azərbaycanda strukturlaşdırmağa imkan verəcək. Bununla da xərclər azalacaq və sonrakı maliyyələşdirmə mərhələlərinin həyata keçirilməsi asanlaşacaq”.

Rəqəmsal inkişaf nazirinin müavini Rəşad Həsənov “Reuters” agentliyinə bildirib ki, xarici vençur kapitalı fondlarının, eləcə də korporativ və institusional investorların sektora yeni maliyyələşdirmənin əhəmiyyətli hissəsini təmin etməsi gözlənilir. Həsənovun sözlərinə görə, Bakı yerli və beynəlxalq kapitalı birləşdirəcək fond yaratmağı da planlaşdırır. Fondun detalları hələ yekunlaşdırılmayıb.

“Fondun həcmi layihələr portfelinin keyfiyyəti və cəlb etdiyimiz tərəfdaşlarla müəyyənləşəcək”, - o bildirib və əlavə edib ki, rəsmilər ən yaxşı təcrübə nümunələri üçün Sinqapur və Estoniya da daxil olmaqla müxtəlif ölkələrin təcrübəsini araşdırıblar.

Yerli texnologiya şirkəti “Sera AI”nin azərbaycanlı sahibkarı Tural Səlimli “Reuters”ə açıqlamasında yeni investisiya çərçivəsini müsbət qiymətləndirib.

Mərkəzi Bankın sədri Taleh Kazımov agentliyə bildirib ki, səhm və borc əsaslı kütləvi maliyyələşdirmə üçün hüquqi çərçivə yaradıldığı üçün bazara yeni oyunçuların daxil olacağını gözləyir. Bankın qaydaları təsdiqləmək üçün altı ayı var.

“Müraciətləri gözləyirik”, - Kazımov qeyd edib.