AĞDAM, 11 avqust. TELEQRAF
Ağdam şəhərində müasir şəhərsalma prinsipləri əsasında layihələndirilən Mərkəzi Parkın tikintisi davam etdirilir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva Teleqraf-ın Qarabağ bürosuna müsahibəsində bildirib ki, parkın ümumi sahəsi 5,5 hektardır.
Onun sözlərinə görə, ərazinin 3,73 hektarı yaşıllaşdırma zonası kimi nəzərdə tutulub. Parkda sakinlərin istirahəti, eləcə də müxtəlif ictimai tədbirlərin təşkili üçün geniş imkanlar yaradılacaq.
Qeyd edək ki, Mərkəzi Parkın təməlqoyma mərasimi 2023-cü il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib.
Layihəyə əsasən, park ərazisində ümumi sahəsi 7349 kvadratmetr olan açıq məkanlar və uzunluğu 5652 metr təşkil edən daxili yollar sistemi yaradılacaq.
Parkda çay evi, inzibati bina və iaşə obyekti də inşa olunur. Zirzəmi və üç mərtəbədən ibarət olacaq çay evinin ümumi sahəsi 562 kvadratmetrdir.
İnzibati binada idarəetmə, nəzarət və xidmət funksiyalarının həyata keçirilməsi üçün müxtəlif otaqlar nəzərdə tutulub. Ziyarətçilərin istirahəti üçün iaşə obyekti də fəaliyyət göstərəcək.
Park ərazisində mobil tipli köşklər, mühafizə və sanitar qovşaqlar, su anbarı və nasosxanalar da yaradılacaq. Bu infrastruktur parkın dayanıqlı və rahat fəaliyyətini təmin edəcək.
Təranə Quliyeva bildirib ki, Mərkəzi Parkın dizaynında Ağdamın tarixi-mədəni elementlərinə də xüsusi diqqət yetirilir.
Onun sözlərinə görə, layihənin mühüm hissələrindən biri Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin qəhrəmanı Fərhadın heykəlidir.
Fərhadın heykəli ilk dəfə 1959-cu ildə heykəltəraş Tokay Məmmədov tərəfindən yaradılıb. İşğal dövründə dağıdılan heykəl Tokay Məmmədovun orijinal eskizi əsasında onun tələbəsi, Azərbaycan Respublikasının Xalq rəssamı Hüseyn Haqverdiyev tərəfindən yenidən hazırlanır.
Heykəlin texniki icrasını Sənan Cəfərov həyata keçirir. Layihənin baş kuratoru isə Azərbaycan Respublikasının Əməkdar rəssamı, elmlər doktoru Rəşad Mehdiyevdir.