BAKI, 17 avqust. TELEQRAF
Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo futbolçu karyerasını başa vurduqdan sonrakı planlarını açıqlayıb.
Teleqraf xəbər verir ki, 41 yaşlı futbolçu “Vogue” nəşrinə açıqlamasında futbolu buraxdıqdan sonra həyatında yaranacaq boşluğu müxtəlif fəaliyyətlərlə doldurmaq istədiyini bildirib:
“Gələcəyim artıq planlaşdırılıb. Məni məşğul edəcək çox işim var. Onların sayı o qədər çoxdur ki, konkret birini demək çətindir. Futbol böyük bir boşluq yarada bilər və onu yalnız bir şeylə yox, müxtəlif yollarla doldurmaq lazımdır. Daha çox əylənmək, səyahət etmək, izləmək və padel oynamaq istəyirəm. Həmçinin həyat yoldaşımla əldə etdiklərimizdən zövq almağa davam etmək istəyirəm".
Qeyd edək ki, Ronaldo ötən mövsüm “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 30 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2026-cı il dünya çempionatında isə 5 matçda 3 qol vurub.