BAKI, 17 avqust. TELEQRAF

Yəmənin “Ənsarallah” Hərəkatının (husilər) Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus desant gəmisinə və onu müşayiət edən katerlərə ballistik raket hücumu həyata keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə husilərin sözçüsü Yəhya Səriya bildirib.

“Yəmən silahlı qüvvələri (Husilər nəzərdə tutulur – red.) Moka sahillərində Səudiyyə Ərəbistanının hərbi desant gəmisinə və onu müşayiət edən dörd hərbi katerə hücum edib”, - o deyib.

Səriyanın sözlərinə görə, ballistik raket zərbəsi dəqiq olub, nəticədə gəmi tamamilə yanıb, bəzi katerlər batıb, qalanları isə alovlanıb. O qeyd edib ki, husilər Səudiyyə Ərəbistanı qoşunlarının hərəkətlərini yaxından izləyir və onlara həm quruda, həm də dənizdə zərbələr endirməyə davam edəcək.