GƏNCƏ, 13 avqust. TELEQRAF

"Qarayara yoluxması ehtimal olunan təsərrüfatın sahibi Hafiz Əliyev tərəfindən Gəncə şəhəri Heyvan Sağlamlıq və Baytarlıq Xidmətləri İdarəsinə heç bir məlumat verilməyib".

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bu fikirləri jurnalistlərin suallarını cavablandırarkən Gəncə şəhəri Heyvan Sağlamlıq və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Xəyal Zeynalabdıyev bildirib.

Onun sözlərinə görə, qurum tərəfindən təsərrüfatda heç bir peyvənd, müayinə və müalicə tədbirlər aparılmayıb.

Rəis həmçinin əlavə edib ki, Gəncə şəhəri Heyvan Sağlamlıq və Baytarlıq Xidmətləri İdarəsinə məlumat daxil olduqdan sonra lazımı tədbirlərə başlayıb:

"Məlumat idarəmizə daxil olduqdan sonra Gəncə şəhərinin Samux rayonu ilə kəsişməsində yerləşən Hafiz Əliyevə məxsus təsərrüfatda klinik müayinələr aparılıb. Bundan sonra aidiyyəti qurumlara məlumat verilib. Laborator müayinələrin nəticələrinə uyğun tədbirlər davam etdiriləcək.

Ehtiyat tədbiri olaraq ərazidə dezobaryer yaradılıb, dezinfeksiya tədbirləri həyata keçirilib".

Qeyd edək ki, dünən axşam və bu gün Samux rayonundan Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə qarayara xəstəliyi əlamətləri ilə 10 nəfər şəxs daxil olub.