BAKI, 17 avqust. TELEQRAF

Bu gün dünya şöhrətli müğənni, Xalq artisti Müslüm Maqomayevin doğum günü münasibətilə Fəxri Xiyabanda anım mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, mərasimdə Xalq artistinin həyat yoldaşı, yaxınları və rəsmi şəxslər iştirak ediblər.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında Müslüm Maqomayevin dahi sənətkar olduğunu vurğulayıb:

"Onun yaradıcılığı həm Azərbaycan, həm də dünya musiqi irsinin bir parçasıdır. Mahnıları bu gün sevilə-sevilə dinlənilir. İnanırıq ki, Müslüm Maqomayev irsi daim var olacaq, əbədi yaşayacaq. Onun musiqisi həmişə qəlbimizi riqqətə gətirəcək".

Azərbaycanın Xalq rəssamı, heykəltaraş Ömər Eldarov çıxışında Müslüm Maqomayevin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışıb. O bildirib ki, Müslüm Maqomayevin xatirəsinə ucaldılmış abidənin heykəltaraşı olduğu üçün özünü xoşbəxt hiss edir.

Vurğulayıb ki, Müslüm Maqomayevi yaxından gördüyü üçün özünü xoşbəxt sanır: "Fəxr edirik ki, Azərbaycan dünyaya Müslüm Maqomayev kimi sənətkar bəxş edib".

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov da Müslüm Maqomayevi şəxsən tanımasından qürur hissi ilə söz açıb:

"Azərbaycan musqisində Müslüm Maqomayev böyük zirvədir. O, həmişə bizimlədir".

Qeyd dək ki, görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi, bəstəkar, Xalq artisti, "Şöhrət" ordeni Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib.

Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri olub.

Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.

Görkəmli musiqiçi və dirijor Müslüm Maqomayevin nəvəsidir.