BƏRDƏ, 13 avqust. TELEQRAF
Bərdədə baş verən zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.
Teleqraf-ın Qarabağ bürosunun TƏBİB-ə sorğusuna cavab olaraq bildirilib ki, Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (kişi) 13.08.2026-cı il tarixində saat 16:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.
***
18:45
Bərdədə üç minik avtomobilinin iştirakı ilə baş verən zəncirvari qəza zamanı xəsarət alanların kimliyi məlum olub.
Teleqraf-ın Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, qəza zamanı VAZ-2107 markalı avtomobildə olan Xəyal İsayev, Oktay Əli oğlu Məmmədov, Ömər Telman oğlu Abdullayev və Orxan Qurban oğlu Bəşirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
17:43
Bərdə rayonunda üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı “Toyota Camry” (10-RE-858), “VAZ-2107” (77-GZ-516) və digər minik avtomobili (41-BE-260) toqquşub. Zərbənin təsirindən “Toyota Camry” və “VAZ-2107” yolun müxtəlif istiqamətlərinə düşüb.
Məlumata görə, “VAZ-2107” markalı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.