BAKI, 3 mart. TELEQRAF
Martın 2-də saat 16:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Xankəndi-Şuşa yolundan çağırış qeydə alınıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 1999-cu il təvəllüdlü şəxs (kişi) müştərək travma diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentə kəllədaxili travma, döş qəfəsinin əzilməsi, körpücük sümüyünün sınığı, qamış sümüyünün sınığı, başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin edilib. Pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün digər tibb müəssisəsinə təxliyə olunub", - məlumatda bildirilib.
Qeyd edilib ki, hadisə nəticəsində təcili tibbi yardım tərəfindən 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Məryəm Surxay
***
11:13
LAÇIN, 3 mart. TELEQRAF
Laçın-Şuşa yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, ötən gün qeydə alınan qəza zamanı 1996-cı il təvəllüdlü Tərtər rayonu Təzəkənd kənd sakini gizir Quluzadə Vüsal Ədalət oğlu həyatını itirib.
Hərəkət edən avtomobilin maneəyə çırpılaraq aşdığı bildirilir.
Məlumata görə, avtomobildə olan daha iki nəfərin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Fotoda Vüsal Quluzadə


