BAKI, 5 noyabr. TELEQRAF

Ötən bir əsr ərzində radio və televiziya milli-mənəvi dəyərlərimizin qorunmasında, Azərbaycan dilinin və mədəniyyətin tərənnümündə, cəmiyyətin məlumatlandırılmasında və milli media məkanının formalaşmasında mühüm rol oynayıb.

Teleqraf xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi”nin rəisi Əlibaba Əliyev Bakı Dövlət Universitetində Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan radiosu - 100 Milli Yaddaşdan Rəqəmsal mediaya" mövzusunda Respublika elmi-praktik konfransında çıxışı zamanı deyib.

O bildirib ki, sürətlə inkişaf edən informasiya texnologiyaları radio və televiziya sahəsində yeni imkanlar açır:

"Müasir yayım infrastrukturu, rəqəmsal texnologiyalar, innovativ tərzlər milli televiziya və radio proqramlarını daha da geniş auditoriyaya, yüksək keyfiyyətlə çatdırılmasına xidmət edir. Ölkəmizdə radio və televiziya sahəsinin inkişafı, xüsusilə yayım infrastrukturunun qorunması, onun modernləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi dövlət siyasətinin öncül istiqamətlərindəndir".

Əlibaba Əliyevin sözlərinə görə, işğaldan azad olunan ərazilərdə radio və televiziya yayım infrastrukturunun bərpası və yenidən qurulması fəaliyyətimizin mühüm istiqamətlərindən biridir: "Həyata keçirilən layihələr həmin ərazilərdə müasir yayım şəbəkələrinin yaradılmasına və əhalinin milli televiziya və radio proqramları ilə çıxışının təmin edilməsinə xidmət edir.

Azad olunmuş ərazilərdə artıq 13 stansiya fəaliyyət göstərir. İnfrastruktur operatoru olaraq teleradio ölkəmizdə radio və televiziya yayımının dayanıqlılığını, fasiləsizliyini təmin etmək məqsədi ilə mühüm rol oynayır. Müasir texnologiyaların tətbiqi ilə bu sahənin inkişafında yeni nailiyyətlər əldə olunacaq".