LƏNKƏRAN, 2 noyabr. TELEQRAF
Lənkəran şəhərində 5 ailənin yaşadığı köhnə tikili qəzalı vəziyyətə düşüb. Vaqif Nağıyev keçəsində yerləşən binanın dam örtüyünün yararsız hala düşməsi, divarlarda yaranan dərin çatlar və bünövrədəki çökmələr sakinlərin həyatını təhlükə altında qoyub.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, sakinlərin sözlərinə görə, son yağıntılardan sonra vəziyyət daha da ağırlaşıb.
Yağış suları damdan mənzillərə, hətta yataq otaqlarına qədər sızıb. Divarların bəzi hissələrindən suvaq qoparaq tökülür, otaqlarda isə nəmişlik yaranır. Sakinlər bildirirlər ki, güclü yağış zamanı evdə qalmaqdan ehtiyat edir, hər an tavanın və ya divarların çökə biləcəyindən qorxurlar.
Ötən əsrin 60-cı illərində Kommunal Müəssisələr Kombinatının inzibati binası kimi fəaliyyət göstərən tikili sonradan yaşayış evinə çevrilib. İddialara görə, həmin vaxtdan indiyədək binada əsaslı təmir-bərpa işləri aparılmayıb.
Yaranmış təhlükəli vəziyyət səbəbindən ailələrin əksəriyyəti evi tərk edərək kirayə mənzillərə köçüb. Hazırda binada qalan sonuncu ailə də buradan köçməyə hazırlaşır.
Vaxtilə bir neçə ailənin yaşayış ünvanı olan bina indi tamamilə boşalmaq təhlükəsi ilə üz-üzədir.