BAKI, 5 noyabr. TELEQRAF

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff və maliyyə naziri Skott Bessent Prezident Donald Trampı İrana qarşı blokadanı davam etdirməyə və iqtisadi təzyiqi artırmağa çağırır.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.

Portalın mənbələrinin bildirdiyinə görə, bu yolla İranı ABŞ üçün sərfəli razılaşmaya getməyə məcbur etmək nəzərdə tutulur. “Axios” əlavə edib ki, bu yanaşma çərçivəsində istənilən irəliləyişin əldə olunması bir neçə ay çəkə bilər.

ABŞ administrasiyası İranla münaqişənin həlli üçün üç variant nəzərdən keçirir. Artıq qeyd olunan variantdan başqa, hərbi əməliyyatların bərpası və sülh sazişinin imzalanması da müzakirə olunur.

Nəşrin yazdığına görə, birinci variantda problem ondadır ki, bu, ictimaiyyətin dəstəyini qazanmayacaq, benzinin qiymətinin artmasına səbəb olacaq və gözlənilən nəticəni verməyə bilər: “Danışıqlar yolu da problemlidir: İran güzəştə getməkdən imtina edərsə və ya tələblərini artırarsa, Trampın razılaşma əldə etməsi çətin olacaq”.

Portal əlavə edib ki, son aylarda Trampın ətrafında vitse-prezident Ceyms Devid Vens başda olmaqla bir qrup rəsmi şəxs İranla razılaşmanın əldə olunmasının tərəfdarı olub. Vens prezidentə müharibənin son dərəcə qeyri-populyar olduğunu və aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. “Axios”un yazdığına görə, buna baxmayaraq, ABŞ lideri hərbi əməliyyatların bərpasına daha çox meyil göstərib.

Portalın məlumatına görə, hazırda ABŞ silahlı qüvvələri İrana qarşı genişmiqyaslı əməliyyatların mümkün bərpasına hazırlığı yekunlaşdırır. Bu, regionda hərbi qüvvələrin artırılmasını da nəzərdə tutur. Paralel olaraq, vasitəçi Qətər ABŞ və İrandan sülh sazişi layihəsinə razılıq almağa çalışır və yaxın günlərdə birbaşa danışıqları bərpa etməyə ümid edir.