CƏLİLABAD, 28 oktyabr. TELEQRAF
Cəlilabadda qeyri-adi təbiət hadisəsi müşahidə olunub.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, rayon sakini Atamalı Əliyevin təsərrüfatında gilas ağacı yenidən çiçək açıb.
Təsərrüfat sahibinin sözlərinə görə, o, ilk dəfədir belə halla qarşılaşır. Ağacın mövsümdən kənar çiçəkləməsi mənzərəni görən şəxslərin də marağına səbəb olub.
Mütəxəssislərin fikrincə, meyvə ağaclarının payız fəslində yenidən çiçəkləməsi hava şəraitindəki dəyişikliklərlə əlaqəli ola bilər. Payız aylarında havanın temperaturunun yüksəlməsi, isti günlərin davam etməsi və temperaturun kəskin dəyişməsi ağacın inkişaf dövrünə təsir göstərə bilər.
Nəticədə ağacda yaz fəslinə xas olan çiçəklənmə prosesi vaxtından əvvəl baş verə bilər.
Qeyd edək ki, belə hallarda çiçəklərin gələcək məhsuldarlığa təsiri ağacın vəziyyətindən, hava şəraitindən və sonrakı mövsümi dəyişikliklərdən asılı olur.