LAÇIN, 26 fevral. TELEQRAF

Laçın rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, faciənin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da saat 17:00-da ölkə ərazisində olduğu kimi, Laçın rayonunda da soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti müvəqqəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib, dövlət bayraqları matəm əlaməti olaraq endirilib.

Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, səhiyyə və təhsil işçiləri, digər dövlət qurumlarının və müəssisələrin əməkdaşları, eləcə də rayon sakinləri iştirak ediblər.

Faciə qurbanlarının xatirəsinə dərin ehtiram ifadə olunub.

Anım tədbirləri Şuşada da keçirilib. Bu gün saat 17:00-da Şuşa şəhərində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, küçələrdə hərəkət dayandırılıb və avtomobillər siqnal veriblər.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, şəhərdə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, eləcə də şəhər sakinləri şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı qətliam törədiblər.

Rəsmi məlumatlara görə, hadisə zamanı 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin taleyi indiyədək məlum deyil. Xocalının 5379 sakini şəhərdən zorla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.