LƏNKƏRAN, 25 fevral. TELEQRAF
Lənkəranda yolda baş vermiş çökmə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıqlama yayıb.
Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Teleqraf-a açıqlamasında əraziyə baxış keçirildiyini bildirib.
Onun sözlərinə görə, yaranmış vəziyyətlə əlaqədar olaraq ərazidə nəqliyyat vasitələrinin hərəkətinin fasiləsiz təmin olunması məqsədilə müvafiq şərait yaradılıb.
"Hazırda sözügedən yol hissəsi agentliyin mütəxəssisləri tərəfindən nəzarətdə saxlanılır və yol hərəkətinin təhlükəsizliyi istiqamətində zəruri tədbirlər görülüb.
Hadisə baş vermiş hissədə texniki baxış keçirilib, mövcud vəziyyət qiymətləndirilib. Müvafiq rəy hazırlanaraq bərpa və möhkəmləndirmə işlərinin aparılması üçün texniki təkliflər və layihə həlləri hazırlanıb və aidiyyəti üzrə təqdim olunub. Hava şəraiti imkan verdiyi təqdirdə təmir və bərpa işlərinə başlanılacaq", - deyə qeyd edib.
***
10:58
Son günlər yağan intensiv yağışlardan sonra Lənkəran rayonunda Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, sürüşmə nəticəsində yolun asfalt qatında çat yaranıb, nəqliyyat vasitələrinin hərəkətiə təhlükə yaranıb.
Yolda əmələ gəlmiş iri çatlara yağıntı sularının dolması sürüşmə aktivliyini daha da artırır. Hazırda ərazidən xüsusilə yük avtomobillərinin keçməsi təhlükəli hesab olunur. Bu, yolda dərin çöküntünün yaranmasına səbəb ola bilər.
Ərazidə hər hansı xəbərdarlıq nişanının və ya təhlükəsizlik lentlərinin quraşdırılmaması sürücülər üçün əlavə risk yaradır.
Qeyd edək ki, sözügedən yol 7 yaşayış məntəqəsini Lənkəran şəhəri ilə birləşdirir.
