BAKI, 17 noyabr. TELEQRAF
"Abşeron rayonunda əhalinin artması və mövcud xəstəxana infrastrukturunun tələbatı qarşılamaqda çətinlik çəkməsi nəzərə alınaraq, Xırdalan şəhərində və ya rayonun digər münasib ərazisində yeni xəstəxananın tikintisi 2027-ci ilin dövlət investisiya proqramına daxil edilməlidir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, rəsmi məlumatlara görə, Abşeron rayonunda 400 mindən çox insan yaşayır: "Lakin müxtəlif səbəblərdən faktiki əhalinin sayı bu göstəricidən xeyli artıqdır. Bu vəziyyət kommunal xidmətlərə, təhsil və səhiyyə infrastrukturuna ciddi əlavə yük yaradır".
R.Nəbiyev xüsusilə rayonun mövcud xəstəxana infrastrukturunun artan tələbatı qarşılamaq üçün kifayət etmədiyini vurğulayıb.
O qeyd edib ki, Abşeron paytaxtla ölkənin digər bölgələri arasında mühüm nəqliyyat qovşağıdır. Buna görə də rayonda yerləşən tibb müəssisələrinə yalnız yerli sakinlər deyil, təcili tibbi zərurətlə əlaqədar digər vətəndaşlar da müraciət edirlər. Yeni xəstəxananın tikintisi məsələsi əvvəlki illərdə də aidiyyəti qurumların diqqətində olub.
Rizvan Nəbiyev İqtisadiyyat və Səhiyyə nazirliklərinə müraciət edərək, Xırdalan şəhərində və ya Abşeron rayonunun digər münasib ərazisində yeni xəstəxananın tikintisinin 2027-ci ilin dövlət investisiya proqramına daxil edilməsini prioritet qaydada nəzərdən keçirmələrini xahiş edib.