BAKI, 16 noyabr. TELEQRAF

"Dövlət büdcəsi sadəcə gəlir və xərclərin cəmi deyil, dövlətin iqtisadi gücünün, maliyyə imkanlarının və gələcəyə baxışının ifadəsidir. Bu sənəddə ölkənin inkişaf istiqamətləri və iqtisadi prioritetləri öz əksini tapır. Bu baxımdan, 2027-ci ilin dövlət büdcəsi layihəsini ölkənin sosial-iqtisadi inkişafının davam etdirilməsi üçün mühüm maliyyə sənədidir".

Teleqraf xəbər verir ki, bunu deputat Azər Badamov parlamentin bugünkü iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, büdcə gəlirləri ilə bağlı əsas prioritetlərdən biri neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun iqtisadi artımın əsas dayağına çevrilməsidir: “Bunun yolu iqtisadiyyatın şaxələndirilməsindən, sənaye istehsalının genişləndirilməsindən və yüksək əlavə dəyər yaradan məhsulların istehsalından keçir. Bu baxımdan, aqrar emal sənayesinin inkişafını xüsusilə vacib hesab edirəm. Çünki, kənd təsərrüfatı məhsullarını yalnız xammal kimi yox, emal olunmuş hazır məhsul kimi bazarlara çıxara bilsək, bu, həm daxili tələbatın ödənilməsi, həm də qeyri-neft ixracın artırılması baxımından əhəmiyyətli olacaqdır.

Bunun üçün regionlarda aqrar emal müəssisələrinin yaradılması stimullaşdırılmalı, sahibkarlar üçün güzəştli maliyyələşmə və digər təşviq mexanizmləri genişləndirilməlidir. Bu, həm yeni iş yerləri, həm də regionların iqtisadi fəallığının artması deməkdir.

Büdcə xərcləri arasında müdafiə və təhlükəsizlik, elm və təhsil, səhiyyə, əsaslı vəsait qoyuluşu, eləcə də işğaldan azad edilmiş ərazilərin bərpası strateji əhəmiyyət daşıyır. Mürəkkəb geosiyasi şəraitdə müdafiə qabiliyyətimizin gücləndirilməsi seçim deyil, zərurətdir. Suverenliyimizin, ərazi bütövlüyümüzün və təhlükəsizliyimizin qorunması daim əsas prioritetimiz olmalıdır.

İşğaldan azad edilmiş ərazilərin bərpasına isə yalnız infrastruktur quruculuğu kimi yanaşmamalıyıq. Bu ərazilər həm də böyük iqtisadi potensiala malikdir. Sənaye, kənd təsərrüfatı, aqrar emal, mədənçilik və turizmin inkişafı həmin ərazilərin iqtisadi reinteqrasiyasını sürətləndirəcək. Dövlətimiz , cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışla yanaşı, Böyük İqtisadi Qayıdışı da təmin edəcəkdir”.

Deputat bildirib ki, büdcə xərclərindən danışanda sosial xərclərin tərkibində əhəmiyyətli yer tutan təhsilə ayrılan vəsaitləri xüsusi önəm kəsb edir:
“Təhsilin inkişafı yalnız orta təhsilə diqqətin artırılmasından yox, həm də məktəbəqədər təhsilin inkişafından asılıdır. Çünki, təhsilin təməli erkən yaşlarda qoyulur.

Mövcud məlumatlara görə, ölkədə uşaqların yalnız 42 faizi məktəbəqədər təhsilə cəlb olunur və bu imkanlar əsasən böyük şəhərlərdə cəmləşir. Regionlarda isə vəziyyət daha fərqlidir. Məsələn, Qusar rayonunda uşaqların cəmi 6,9 faizi məktəbəqədər təhsilə cəlb olunur. Bu baxımdan rayonda mövcud məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına və yenilərinin tikilməsinə ciddi ehtiyac var. Xahiş edirəm , bu məsələnin dövlət büdcəsinin imkanları çərçivəsində dövlət investisiya proqramına daxil edilməsi nəzərdən keçirilsin.

Digər mühüm istiqamət rəqəmsal iqtisadiyyat və süni intellekt texnologiyalarının inkişafıdır. Rəqəmsal inkişaf yalnız paytaxtla məhdudlaşmamalı, regionları da əhatə etməlidir. Təklif edirəm ki, dövlət xidmətlərinə əl çatanlığını təmin edən my.gov.az platformasından bölgələrdə istifadənin genişləndirilməsi üçün maarifləndirmə və praktiki təlimlər təşkil olunmalı, ehtiyac varsa buna müvafiq maliyyə vəsaiti də ayrılmalıdır.
Sonda təmsil etdiyim Qusar rayonu ilə bağlı daha bir vacib məsələyə diqqətinizi çəkmək istəyirəm.

Qusar turizm və sosial-iqtisadi inkişaf baxımından böyük imkanlara malikdir. Şahdağ Turizm Mərkəzində beynəlxalq xizək yarışlarının keçirilməsinin nəzərdə tutulması rayonun turizm potensialını daha da artıracaqdır. Lakin turizmin inkişafı yalnız müasir otel və xizək komplekslərinin tikintisi ilə məhdudlaşmır. Turistlərin bu məkanlara rahat çatmasını təmin edən yol infrastrukturu da mühüm əhəmiyyət daşıyır.

Şahdağ istiqamətində əsas yol müasirləşdirilsə də, həmin yola bitişik və bu kompleksə yaxın yerləşən Urva, Əniğ, Xuray və Suvacal kəndlərinə gedən yolların vəziyyəti müasir tələblərə cavab vermir. Bu yolların yenidən qurulması həm yerli əhalinin rahatlığı, həm də turizm marşrutlarının genişləndirilməsi və sahibkarlığın inkişafı baxımından vacibdir.

Bu səbəbdən həmin yolların 2027-ci ildə yenidən qurulması üçün zəruri vəsaitin dövlət investisiya proqramında nəzərdə tutulmasını xahiş edirəm.
Unutmamalıyıq ki, dövlət büdcəsinin uğuru yalnız ayrılan vəsaitlərin həcmi ilə deyil, onların yaratdığı iqtisadi dəyərlə, yeni iş yerləri, artan istehsal və ixrac imkanları ilə ölçülür.

Hesab edirəm ki, məhz bu yanaşma ölkəmizin uzunmüddətli iqtisadi dayanıqlılığının əsasını təşkil edəcəkdir”.