BAKI, 16 noyabr. TELEQRAF
"Dünyada baş verən mürəkkəb siyasi və iqtisadi proseslərə baxmayaraq, Azərbaycan dövləti özünün ardıcıl inkişaf strategiyasını davam etdirir. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi və iqtisadi kurs ölkəmizin dayanıqlı inkişafına, sosial rifahın yüksəldilməsinə və insan kapitalının gücləndirilməsinə xidmət edir. Bu gün müzakirə etdiyimiz dövlət büdcəsi də həmin strateji hədəflərə çatmaq üçün mühüm imkanlar yaradır".
Teleqraf xəbər verir ki, bunu deputat Rəşad Mahmudov parlamentin bugünkü iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, 2027-ci il üçün səhiyyənin icmal xərclərinin 4 milyard manat səviyyəsində nəzərdə tutulması, əvvəlki illərlə müqayisədə əhəmiyyətli artımın təmin edilməsi, şübhəsiz ki, müsbət və təqdirəlayiq addımdır: "Lakin hesab edirəm ki, səhiyyənin maliyyələşdirilməsinə yalnız illik büdcə artımları prizmasından deyil, uzunmüddətli strateji hədəflər baxımından yanaşmalıyıq.
Son illərdə icbari tibbi sığortanın tətbiqi, TƏBİB-in yaradılması, səhiyyə infrastrukturunun yenilənməsi və maliyyə imkanlarının genişləndirilməsi bu sahədə mühüm təməl formalaşdırıb. Bu gün isə həmin təməl üzərində daha effektiv, daha çevik və uzunmüddətli dayanıqlığı təmin edən idarəetmə modelinin inkişaf etdirilməsi mərhələsindəyik.
Tibbi sığorta ilə sığorta tibbi eyni anlayış deyil. Tibbi sığorta maliyyələşdirmə və xidmətlərin satın alınması mexanizmidir. Siğorta tibbi isə həkimlərin, tibb işçilərinin və tibb müəssisələrinin həyata keçirdiyi peşəkar fəaliyyətdir. Bu iki istiqamət bir-birini tamamlamalıdır. Necə ki insanın iki ayağı ahəngli hərəkət etmədikdə onun yerişi pozulur, səhiyyədə də maliyyələşdirmə ilə real tibbi xidmət arasında uyğunluq olmadıqda bütövlükdə sistemin effektivliyi zəifləyir. Sığorta mexanizmi tibbin real ehtiyaclarına, tibbi xidmət isə maliyyə imkanlarına və keyfiyyət standartlarına uyğun inkişaf etməlidir”.
Deputat 30 ilə yaxın peşəkar fəaliyyəti dövründə həm ölkəmizdə, həm də xaricdə müxtəlif səhiyyə sistemlərinin inkişafını və qarşılaşdıqları çətinlikləri yaxından izləmək imkanı olduğunu bildirib: " Bu təcrübə mənə bir həqiqəti göstərib: səhiyyə sistemini yalnız maliyyə və inzibati mexanizmlərlə inkişaf etdirmək mümkün deyil. Onun mərkəzində insan dayanmalıdır.
Həkim və tibb işçisi özünü yalnız nəzarət olunan deyil, eyni zamanda dövlət tərəfindən qorunan, dəstəklənən və inkişafına şərait yaradılan sistemin ayrılmaz hissəsi kimi hiss etməlidir. Çünki səhiyyə böyük məsuliyyət, risk, uzunmüddətli hazırlıq və fədakarlıq tələb edən sahədir. Bu gün insan kapitalına münasibətimiz gələcək onilliklərdə səhiyyəmizin səviyyəsini müəyyən edəcək.
Burada xüsusi vurğulamaq istədiyim digər məsələ dövlət və özəl tibb müəssisələrinə münasibətdir. Səhiyyə Nazirliyi ölkədə tibbi xidmət göstərən bütün müəssisələrə, onların mülkiyyət formasından asılı olmayaraq, vahid səhiyyə sisteminin iştirakçıları kimi yanaşmalıdır. Dövlət xəstəxanası da, özəl xəstəxana da, kiçik bir müayinəxana da Azərbaycan vətəndaşına xidmət göstərir. Onların hər biri ölkənin səhiyyə potensialının bir hissəsidir.
Dövlətin vəzifəsi yalnız öz tabeliyində olan müəssisələri deyil, bütövlükdə səhiyyə sistemini qorumaq, tənzimləmək və inkişaf etdirməkdir.
Qardaş Türkiyənin və digər ölkələrin təcrübəsindən bilirik ki, dövlət və özəl sektor arasında düzgün qurulmuş əməkdaşlıq həm xidmət imkanlarını genişləndirə, həm də dövlət resurslarından daha səmərəli istifadəyə şərait yarada bilər. Özəl sektorun mövcud infrastrukturu və investisiyalarından istifadə müəyyən hallarda dövlətin əlavə tikinti və avadanlıq xərclərini də azalda bilər. Əsas məsələ xidmətin harada göstərilməsi deyil, hansı keyfiyyətlə, hansı təhlükəsizlik standartları əsasında və hansı iqtisadi səmərəliliklə göstərilməsidir. Buna görə də tibb müəssisələrinin qiymətləndirilməsində və maliyyələşdirilməsində mülkiyyət formasından daha çox onların peşəkar imkanları, xidmət keyfiyyəti və nəticələri əsas götürülməlidir.
Biz heç bir xarici ölkənin səhiyyə modelini olduğu kimi köçürməməliyik. Azərbaycanın öz milli səhiyyə sistemi, öz reallıqları və artıq formalaşmış mühüm imkanları var. Məqsədimiz mövcud sistemi dağıdıb yenisini qurmaq deyil, onun güclü tərəflərini qoruyaraq zəif tərəflərini elmi əsaslarla təkmilləşdirmək olmalıdır. Əks halda hər beş-on ildən bir eyni problemlərlə yenidən qarşılaşmaq riskimiz qalacaq. İnanıram ki, ədalətli tənzimləmə, dövlət-özəl əməkdaşlığı və insan kapitalının qorunması prinsiplərini gücləndirməklə həkimlərimizin xaricə axınını azalda, xaricdə çalışan yüksək ixtisaslı mütəxəssislərimizin ölkəmizə qayıtması üçün daha əlverişli mühit yarada bilərik".
Rəşad Mahmudov vurğulayıb ki, burada ən vacib məsələ təhsil prosesi ilə əmək fəaliyyətinin bir-birindən fərqləndirilməsidir: "Rezidentura ixtisas təhsilinin davamı olsa da, rezident həkimlər eyni zamanda xəstəxanalarda real tibbi xidmətin göstərilməsində iştirak edir, konkret iş və məsuliyyət daşıyırlar. Ona görə də onların təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi ilə yanaşı, gördükləri işə görə xəstəxanalarla əmək münasibətləri çərçivəsində əlavə əməkhaqqı almaları üçün mexanizm yaradılmalıdır. Bu, mövcud tibbi xidmət tarifləri daxilində də nəzərdən keçirilə bilər.
Eyni zamanda, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professor-müəllim heyətinin əməkhaqqı məsələsinə də diqqət yetirilməsini vacib hesab edirəm. Bu insanlar yalnız tədrislə məşğul olmur, həm də həkimlərin davamlı peşəkar inkişafında və yeni mütəxəssislərin hazırlanmasında mühüm rol oynayırlar. Onların əməkhaqqı sistemi də elmi-pedaqoji fəaliyyətləri, peşəkar məsuliyyətləri və klinik xidmətləri nəzərə alınmaqla yenidən qiymətləndirilməlidir.
Aidiyyəti qurumların bu məsələləri birlikdə müzakirə edərək konkret həll mexanizmləri hazırlamasını təklif edirəm.
Digər bir məsələ isə üzvü olduğum Elm və təhsil komitəsinin fəaliyyət istiqamətləri ilə bağlıdır. Hesab edirəm ki, məktəbəqədər təhsildə dövlət, özəl sektor və ailələrin birgə iştirakı əsasında müştərək maliyyələşdirmə mexanizmlərinin genişləndirilməsi son dərəcə əhəmiyyətlidir.
Dövlət–özəl sektor–ailə əməkdaşlığı modeli həm məktəbəqədər təhsilin əlçatanlığını artırmağa, həm də dövlət vəsaitlərindən daha səmərəli istifadəyə imkan yarada bilər. Burada bir mühüm məqamı da xüsusi vurğulamaq istərdim. Təhsilin gələcək uğurları onun təməlinin nə qədər erkən yaşlarda və nə qədər keyfiyyətli qoyulmasından birbaşa asılıdır.
Məktəbəqədər təhsilə qoyulan sərmayə yalnız uşağın məktəbə hazırlığı deyil, onun gələcək intellektual inkişafına, öyrənmə həvəsinə və bütövlükdə insan kapitalına qoyulan sərmayədir. Əslində, səhiyyədə də eyni prinsip keçərlidir.
Necə ki güclü və keyfiyyətli ilkin səhiyyə xidməti sonrakı ixtisaslaşmış və yüksək texnologiyalı tibbi xidmətlərin effektivliyini artırır, eləcə də güclü məktəbəqədər təhsil bütün sonrakı təhsil pillələrinin uğurunu müəyyən edən əsas amillərdən biridir.
Ona görə də həm təhsildə, həm də səhiyyədə dövlət siyasətinin prioritetlərindən biri problemlərin nəticələrinə deyil, onların təməlinə sərmayə qoymaq olmalıdır. Bu baxımdan məktəbəqədər təhsildə müştərək maliyyələşdirmə və dövlət-özəl əməkdaşlığı mexanizmlərinin inkişaf etdirilməsi ilə yanaşı, oxşar yanaşmaların ilkin səhiyyə xidmətinin təşkilində də tətbiq imkanlarının araşdırılmasını məqsədəuyğun hesab edirəm.
Burada əsas məqsəd dövlətin məsuliyyətini azaltmaq deyil, əksinə, onun tənzimləyici və maliyyələşdirici rolunu qorumaqla daha səmərəli, əlçatan və uzunmüddətli dayanıqlı sistem formalaşdırmaqdır.
Azərbaycan səhiyyəsinin və təhsilinin inkişafı üçün bu gün həm maliyyə imkanlarımız, həm maddi-texniki bazamız, həm də böyük insan potensialımız mövcuddur. Əsas vəzifəmiz bütün bu imkanları vahid, ədalətli və effektiv idarəetmə fəlsəfəsi ətrafında birləşdirməkdir.
Əminəm ki, cənab Prezidentin müəyyən etdiyi insan amilinə əsaslanan inkişaf strategiyası çərçivəsində bu hədəflərə nail ola bilərik.
2027-ci ilin dövlət büdcəsinin ölkəmizin davamlı inkişafına, vətəndaşlarımızın rifahına, səhiyyə və təhsil sistemimizin daha da güclənməsinə xidmət edəcəyinə inanıram”.