BAKI, 16 noyabr. TELEQRAF

"Növbəti ildən etibarən icbari tibbi sığorta ilə qarşılanmayan çox az sayda səhiyyə proqramları qalır ki, onlardan da biri onkoloji xəstəliklərlə bağlı olan dövlət proqramlarıdır. Əhali arasında ən çox tələfata səbəb olan iki patologiyadan biri olan onkoloji xəstəliklərin müalicəsinə yönəlmiş proqramın da icbari tibbi sığorta ilə qarşılanmasına ciddi ehtiyac duyulur. Təcrübə göstərir ki, səhiyyə proqramlarının icbari tibbi sığorta ilə qarşılanması göstərilən tibbi xidmətin keyfiyyətini kifayət qədər yüksəldir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, əhalinin icbari tibbi sığorta ilə bağlı gözləntiləri az deyil: "Onlardan biri ambulator müalicə alan xəstələrin dərman vasitələri ilə təminatının icbari tibbi sığorta hesabına qarşılanmasıdır. Əhalinin həllini səbirsizliklə gözlədiyi bu məsələ Milli Məclisin səhiyyə komitəsində və plenar iclaslarda, büdcə müzakirələrində, hökumətin hesabatlarında dəfələrlə qaldırılsa da, hələ də həll olunmamış qalır. Bölgələrdə çalışan tibb işçilərinin əməkhaqlarının təsirli dərəcədə artırılması bölgələrdə kadr çatışmazlığının aradan qaldırılmasına mühüm töhfə verəcək. Bununla belə, kəndlərdə tibb məntəqələrinin bərpası son dərəcə ciddi problem olaraq qalır".

Ə.Əmiraslanov qeyd edib ki, ən müasir və mürəkkəb cərrahi əməliyyatlar robotik cərrahi yolu ilə uğurla həyata keçirilir : "Ölkəmizdə robotik cərrahiyyə bölmələrinin yaradılmasına ciddi ehtiyac var".