BAKI, 17 noyabr. TELEQRAF

"Dövlət büdcəsi sadəcə gəlir və xərclərin hesablandığı maliyyə sənədi deyil. Büdcə dövlətin iqtisadi prioritetlərini, gələcəyə baxışını və cəmiyyət qarşısında götürdüyü öhdəlikləri əks etdirən əsas iqtisadi siyasət alətidir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə büdcəyə yalnız ayrılan vəsaitlərin həcmi baxımından deyil, bu vəsaitlərin hansı iqtisadi və sosial nəticələrə gətirib çıxaracağı baxımından yanaşmamız vacibdir: "Xüsusi vurğulamaq istərdim ki, dövlət büdcəsinin əsas vəzifəsi bir tərəfdən dövlətin sosial və iqtisadi öhdəliklərini yerinə yetirmək olsa da, digər tərəfdən gələcək iqtisadi artım üçün yeni imkanlar yaratmaqdır. Bu baxımdan 2027-ci ilin dövlət büdcəsi layihəsində bir sıra xüsusi məqamları qeyd etmək istərdim.

Qeyd edildiyi ki, 2027-ci ildə dövlət büdcəsi gəlirlərinin təxminən 60,5 %-i, 2030-cu ilədək isə 70 %-i artıq qeyri-neft-qaz sektorunun hesabına formalaşacaq. Mən bunu büdcə siyasətimizin mühüm müsbət nəticələrindən biri hesab edirəm.

Təqdimatda diqqət çəkən mühüm göstəricilərdən biri icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətidir. Bu göstəricinin 2026-cı ildəki 18,8 faizdən 2027-ci ildə 17,1 faizə enəcəyi proqnozlaşdırılır. Bu azalma təsadüfi deyil. İcmal büdcənin qeyri-neft gəlirlərinin 2,4 milyard manata yaxın artması gözlənilir və gəlirlərin artım tempi baza xərclərinin artımını üstələyir. Bu, fiskal siyasətin daha dayanıqlı istiqamətdə inkişaf etdiyini göstərir.

Digər tərəfdən, 2026-cı il oktyabrın 1-nə dövlət borcunun ÜDM-ə nisbəti 17,3 faiz təşkil edib. Bu göstərici ortamüddətli dövr üçün müəyyən edilmiş 30 faizlik yuxarı həddən xeyli aşağıdır. Hesab edirəm ki, bu, dövlətin borclanma imkanlarını qoruyub saxlaması baxımından mühüm üstünlükdür.
Amma burada bir məqamı da vurğulamaq istəyirəm. Fiskal dayanıqlılıq yalnız borcun az olması demək deyil. Əsas məsələ borc və büdcə resurslarının hansı iqtisadi nəticə yaratmasıdır.

Əgər borcun artırılması hesabına infrastruktur, istehsal, logistika, enerji və ixrac imkanlarını genişləndirən layihələr həyata keçirilirsə, bu, gələcək nəsillər üçün də iqtisadi dəyər yarada bilər”.

Deputat bildirib ki, 2027-ci ildə dövlət əsaslı vəsait qoyuluşu üçün 5,3 milyard manat vəsait nəzərdə tutulub: "Bunun 3,4 milyard manatı işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasına yönəldiləcək. Bu proses həmin ərazilərin gələcəkdə ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyası üçün də mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, növbəti mərhələdə bu ərazilərdə dövlət investisiyalarının özəl investisiyaları cəlb etməsi əsas prioritetlərdən biri olması diqqətdə saxlanılmalıdır. Belə olduqda Böyük Qayıdış prosesi yalnız dövlət büdcəsinin maliyyələşdirdiyi layihələrdən ibarət olmayacaq, özünü təmin edən iqtisadi mühitin formalaşmasına gətirib çıxaracaq.

2027-ci ildə sosialyönlü xərclərin 18,7 milyard manat olması nəzərdə tutulur. Bu, dövlət büdcəsi xərclərinin 44,2 faizidir və əvvəlki illə müqayisədə 1,6 milyard manatdan çox artım deməkdir. Bu göstərici dövlətin sosial öhdəliklərinin qorunub saxlanıldığını və dövlət başçısının sosial siyasətinə prioritet yanaşıldığını göstərir. Təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat xərclərinin artması əhalinin rifahının yaxşılaşdırılması baxımından vacibdir.

Bununla yanaşı hesab edirəm ki, sosial siyasətə yanaşmamızda bir keyfiyyət dəyişikliyinə də ehtiyac var. Biz sosial müdafiə ilə yanaşı, insanların iqtisadi fəallığını artıran, onun əmək bazarında rəqabət qabiliyyətini yüksəldən və daha yaxşı gəlir əldə etməsinə imkan yaradan siyasəti daha da gücləndirməliyik.

Başqa sözlə, sosial siyasətin yalnız mövcud problemlərin kompensasiyasına deyil, həmin problemlərin yaranma səbəblərinin aradan qaldırılmasına daha çox xidmət etməsi gələcək xərclərimizin qarşısını ala bilər”.

Komitə üzvü vurğulayıb ki, gələcəkdə dövlət büdcəsinin hər bir əsas xərc istiqaməti üzrə konkret nəticə indikatorlarının müəyyən edilməsi vacibdir: "Məsələn, təhsil xərcləri üzrə yalnız məktəblərin tikintisi və təmiri deyil, təhsilin keyfiyyətindəki dəyişikliklər; səhiyyə üzrə yalnız ayrılan vəsait deyil, tibbi xidmətlərin əlçatanlığı və keyfiyyəti; iqtisadi layihələr üzrə isə yaradılan iş yerləri, əlavə dəyər və vergi daxilolmaları ölçülməsi faydalı olardı. Bu yanaşma büdcə xərclərinin real nəticəsini daha yaxşə qiymətləndirməyə imkan verə bilər.

Qeyri-neft gəlirlərinin artmasını müsbət qiymətləndirirəm. Eyni zamanda, düşünürəm ki, bu artımın əsas mənbəyi vergi bazasının genişləndirilməsi olmalıdır. Bunun üçün kiçik və orta sahibkarlığın, xüsusilə istehsal və ixracyönümlü müəssisələrin inkişafına daha çox diqqət yetirilməsi günün tələbidir.

Hesab edilrəm ki, vergi güzəştlərinin də konkret iqtisadi nəticələrlə əlaqələndirilməsinə baxmaq lazımdır. Güzəşt alan müəssisədən əlavə investisiya, yeni iş yerləri, ixrac və məhsuldarlıq artımı gözlənilməlidir.

Dövlət büdcəsinin imkanları məhduddur. İqtisadiyyatın uzunmüddətli inkişafı üçün özəl kapitalın daha böyük həcmdə iqtisadi proseslərə cəlb edilməsi vacibdir. Xüsusilə infrastruktur, logistika, enerji, aqrar emal, turizm və sosial xidmətlər sahəsində dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin daha da genişləndirilməsini təklif edirəm. Bunun üçün qanunvericilik bazası da yaradılıb. Uğurlu nümunələr də mövcuddur.
Yekun olaraq, hesab edirəm ki, 2027-cı il büdcə zərfi iqtisadi reallıqlar, regional geosiyasi risklər və daxili sosial öhdəliklər fonunda ümumən tarazlaşdırılmış və strategiyalarla uyğunlaşdırılmış sənəddir”.