BAKI, 16 noyabr. TELEQRAF

"2027-ci ilin dövlət büdcəsi Azərbaycanın inkişaf göstəricilərini özündə əks etdirir. Sevindirici haldır ki, büdcənin neft gəlirlərindən asılılığı ildən ilə azalır, qeyri neft sektorunun payı artır. Dövlət büdcəsinin 44,2 faizini və ya 18,7 milyard manatını sosialyönümlü xərclər təşkil edir. Burada cari illə müqayisədə 9,2 faiz və ya 1,6 milyard manat artım görürük. Bütün bunlar təqdirəlayiq hal kimi qiymətləndirilməlidir".

Teleqraf xəbər verir ki, bunu deputat Vasif Qafarov parlamentin bugünkü iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O, 2027-ci ilin dövlət büdcəsi ilə bağlı deyilən bütün müsbət fikirlərlə həmrəy olduğunu bildirib: "Təmsil etdiyim Lerik rayonunda keçirdiyim qəbullarda vətəndaşlar tərəfindən mütəmadi qaldırılan iki məsələni hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm.

Birinci məsələ, kənd yollarının yenidən qurulması ilə bağlıdır. Lerik rayonunun kəndlərinin əksəriyyətində asfalt örtüklü yolların olmaması, xüsusilə payız-qış mövsümündə əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu məsələ təkcə rahat gediş-gəliş problemi deyil. Yararsız yollar vətəndaşların təhsil və səhiyyə xidmətlərinə əlçatanlığını məhdudlaşdırır, fermerlərin məhsullarını vaxtında bazara çıxarmasına mane olur və rayonun zəngin turizm potensialından tam və səmərəli istifadə olunmasına imkan vermir.

Bu baxımdan, xüsusilə rayonun Noda-Əliabad-Gürdəsər-Nücü-Vamazğon, Piran-Veri, Piran-Bürsülüm, 40-cı km-Əliabad və Lerik-Mastayıl-Livədirqə-Laman avtomobil yollarının asfaltlanması son dərəcə vacibdir. Bu layihələrin həyata keçirilməsi qeyd olunan ərazilərdə turizmin inkişafına, yeni iqtisadi imkanların yaranmasına, dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasına və həmin kəndlərdə yaşayan 40 min nəfərə yaxın vətəndaşın sosial-iqtisadi rifahının yüksəlməsinə mühüm töhfə verəcək.

Nəzərinizə çatdırım ki, sadaladığım yol layihələrinin layihə-smeta sənədləri hələ bir neçə il əvvəl hazırlanıb və investisiya proqramına daxil edilməsi üçün İqtisadiyyat Nazirliyinə təqdim olunub. Lakin təəssüf ki, bu layihələr hər il növbəti illərə təxirə salınır və indiyədək icra olunmamış qalır.
Hökumətə müraciət edərək xahiş edirəm ki, növbəti ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri bölüşdürülərkən Lerik rayonunun qeyd etdiyim mühüm yol layihələri də nəzərə alınsın, onların həyata keçirilməsi üçün müvafiq maliyyə vəsaiti ayrılsın və bu məsələ nəzarətdə saxlanılsın.

İkinci məsələ, qazlaşdırılmayan kəndlərin enerji təminatı və sosial müdafiəsi ilə bağlıdır. Sevindirici haldır ki, bu gün ölkəmizdə qazlaşdırma səviyyəsi 97 faizə çatıb. Bu, dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətin mühüm nailiyyətlərindən biridir. Lakin onu da nəzərinizə çatdırım ki, burada rayonlar arasında ədalət prinsipi pozulub, ölkə üzrə qazlaşdırılmayan 900 kəndin 101-i təkcə Lerik rayonunun payına düşür.
Baxmayaraq ki, Lerik və Astara kimi dağlıq sərhəd rayonlarında iqlim şəraiti kifayət qədər sərtdir, qış mövsümü uzun çəkir və əhali ilin 8-9 ayı istilik enerjisinə ehtiyac duyur. Belə bir şəraitdə təbii qazın olmaması əhalinin üzərinə ağır maliyyə yükü qoyur, eyni zamanda alternativ yanacaq kimi odun tədarükü nadir meşə fonduna mənfi təsir göstərir”.

Deputat bildirib ki, ölkənin bütün bölgələrində yaşayan vətəndaşlar üçün bərabər sosial imkanların yaradılması dövlətin əsas vəzifələrindən biridir:
“Vətəndaşın yaşadığı ərazi onun sosial təminat imkanlarını məhdudlaşdırmamalıdır. Əlbəttə ki, əsas hədəfimiz ölkə üzrə qazlaşdırma səviyyəsini 100 faizə çatdırmaq olmalıdır. Lakin bu hədəfə nail olanadək, qazlaşdırılmayan kəndlərin əhalisi üçün alternativ güzəşt mexanizmlərinin tətbiqini vacib hesab edirəm. Bu məqsədlə təklif edirəm ki, həmin kəndlərdə yaşayan abonentlər üçün güzəştli elektrik enerjisi limitinin mövcud həddən 3 dəfə artırılması məsələsinə baxılsın.

Bu addım dağ kəndlərində yaşayan ailələrin enerji xərclərini azaldar, sosial təminat fərqini aradan qaldırar və dövlətimizin bütün vətəndaşlara bərabər qayğısının və ədalətli münasibətinin real göstəricisi olar.

Bir daha vurğulamaq istəyirəm ki, səsləndirdiyim hər iki məsələ Lerik sakinlərini narahat edən və uzun illərdir öz həllini gözləyən vacib məsələlərdir. İnanıram ki, təkliflərim nəzərə alınacaq və onların həlli üçün konkret addımlar atılacaqdır”.