BAKI, 17 noyabr. TELEQRAF
Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək Azərbaycana rəsmi səfərə yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Gürcüstan baş nazirinin müavininin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Mariam Kvrivişvili həmçinin Baş nazir Əli Əsədovla görüşəcək. Səfər çərçivəsində müvafiq sektorların nazirləri ilə görüşlər keçiriləcək.
Bundan əlavə, görüşlər çərçivəsində tərəflər iki ölkə arasında iqtisadi və enerji əməkdaşlığı məsələlərini, davam edən və planlaşdırılan birgə layihələri, eləcə də strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi imkanlarını müzakirə edəcəklər.
Mariam Kvrivişvili Azərbaycana nümayəndə heyəti ilə gəlir. Nümayəndə heyətinə onun müavinləri Genadi Arveladze və İnqa Pxaladze, eləcə də Gürcüstan Dövlət Elektrosisteminin baş direktoru Davit Vardiaşvili və Təhlükəsizlik və Monitorinq üzrə direktor Levan Tsxvediani daxildir.