BAKI, 16 noyabr. TELEQRAF
"İqtisadiyyatımızda ümumi milli gəlirin də davamlı artımı üçün yeni təməllər formalaşır. Hazırda Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır, xaricdə aktivlər əldə edir və bu aktivlər əlavə gəlir mənbəyinə çevrilir. Bu, ölkənin gəlir bazasının mənbələrinin şaxələndirilməsi deməkdir".
Teleqraf xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilir: "Dövlət şirkətlərinin fəaliyyətində mühüm keyfiyyət dəyişikliyi baş verib. Bu gün bir sıra dövlət şirkətlərinin səmərəli fəaliyyəti, o cümlədən büdcəyə dividend daxilolmaları aparılan islahatların nəticəsidir. 2020-ci ildən etibarən cənab Prezidentin təşəbbüsü ilə dövlət şirkətlərinin sağlamlaşdırılması siyasəti həyata keçirilir. Holdinq idarəetmə modelinə keçid — Azərbaycan İnvestisiya Holdinqinin və AZCON-un yaradılması, korporativ idarəetmə standartlarının tətbiqi və digər institusional addımlar nəticəsində dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilməkdədir”.