2027-ci il üzrə icmal büdcənin gəlirləri 47,6 mlrd. manat həcmində proqnozlaşdırılır. Bu cari illə müqayisədə 2,6 mlrd. manat və ya 5,9 faiz çoxdur.

Teleqraf xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

Nazir bildirib ki, icmal büdcə gəlirlərinin 64,5 faizini və ya 30,7 mlrd. manatını qeyri-neft sektoru üzrə daxilolmalar, 35,5 faizini və ya 16,9 mlrd.manatını neft-qaz sektoru üzrə daxilolmalar təşkil edəcək:

"Növbəti il üçün icmal büdcənin xərcləri isə 50,4 mlrd. manat həcmində proqnozlaşdırılıb. Bu, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 5,7 mlrd. manat və ya 12,8 faiz çoxdur. İcmal büdcə xərclərinin ÜDM-də payı 35,7 faizə, qeyri-neft ÜDM-də payı isə 46,2 faizə bərabər olacaq.
İcmal büdcənin kəsiri isə cari illə müqayisədə 1,1 mlrd. manat və ya 28,7 faiz az olmaqla, 2,8 mlrd. manat həcmində proqnozlaşdırılır. Kəsirin ümumi daxili məhsula nisbəti 2 faiz səviyyəsində olacaq ki, bu da ən yaxşı beynəlxalq göstəricilərə uyğundur".