BAKI, 16 noyabr. TELEQRAF
"Qarabağ Zəfərinin altıncı ildönümündə ali maliyyə qanunu olan dövlət büdcəsi layihəsinin müzakirəsi xüsusi məna daşıyır. Çünki çoxəsrlik problemi həll edən dövlətimizidən vətəndaşlarımızın gözləntiləri daha da artıb. İndi ən böyük vəzifə qələbəmizi möhkəmləndirilməkdir. Prezident İlham Əliyevin qazandırdığı misilsiz qalibiyyətin siyasi, mənəvi və iqtisadi kapitalını tükətməməli, artırmalı və gələcək nəsillərə ötürməliyik. Hər bir nazirlik və dövlət komitəsi özündən soruşmalıdır: Prezidentin ölkəmiz üçün açdığı tarixi imkanlardan xalqımızın rifahını yüksəltmək üçün necə istifadə edir? Ən başlıcası 40 milyard manata yaxın olan dövlət büdcəsindən xalqımız üçün 400 milyardlıq mənəvi və siyasi effekti təmin etmək, milli ruhu gücləndirməkdir".
Teleqraf xəbər verir ki, bunu komitə sədri Zahid Oruc parlamentin bugünkü iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, dünyada baş verən dövlətlərarası qarşıdurmalar böyük təhlükələrlə yanaşı, yeni tarixi fürsətlər də açır: "Regionda qlobal embarqo və sanksiyalara məruz qalmayan tək ölkəyik. Cəmi 7 il əvvəl dövlətimizin və xalqımızın malik olduğu böyük resurslar işğalın nəticələrinin aradan qaldırılmasına yönəlmişdi. İndi hökumət iqtisadiyyatı qarşıdakı regional açılıma hazırlamalıdır. Keçmişdə qlobal müharibə partiyası işğal əllərindən çıxdıqdan sonra indi Cənubi Qafqazda barış prosesinin qarşısını kəsməyə çalışırlar.
Növbəti ildə Sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, yeni regional bazarların yaranması iqtisadiyyatımızın hansı sahələrinə əlavə gəlirlər gətirəcək?
Hesab edirik ki, regional açılımın ən böyük nəticələrindən biri Azərbaycan iqtisadiyyatının əmək tutumlu emal sahələrinin inkişafı olmalıdır.
ABŞ ilə fevralın 10-da, Böyük Britaniya ilə noyabrın 12-də imzalanan strateji tərəfdaşlıq sənədlərinin iqtisadi nəticələrini parlamentdə hər il qiymətləndirməliyik. Qərblə strateji münasibətlər qurarkən Şərqlə əlaqələrimizi genişləndirməyimizin konkret nəticəsi Ələtdə Azərbaycan, Özbəkistan və Hindistan kapitalının iştirakı ilə 117,7 milyon dollarlıq, illik istehsal gücü 60 min ton olan ixracyönümlü müəssisənin yaradılmasıdır.
Dünya Bankının 2026-cı ildə açıqladığı tədqiqata görə, Transxəzər Nəqliyyat Dəhlizinin inkişafına yönəldilən investisiyalar nəticəsində yaxın on ildə iştirakçı ölkələrdə 2 milyon yeni iş yeri yarana, yükdaşımaların həcmi üç dəfədən çox arta bilər. Bankın hesablamalarına görə, 2030-cu ilədək Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında ticarətin 37 faiz, həmin ölkələrlə Avropa İttifaqı arasında isə 28 faiz artım potensialı var.
İqtisadiyyatımızın başlıca struktur problemlərindən biri yüksək gəlir yaradan sahələrlə çoxsaylı işçi qüvvəsinin çalışdığı sferalar arasında böyük fərqin olmasıdır. Kənd təsərrüfatı məşğul əhalinin 35,4 faizini əhatə edir, lakin ÜDM-in 5,9 faizini yaradır. Karbohidrogen sektoru isə ÜDM-in 31,8 faizini formalaşdırdığı halda, məşğul əhalinin təxminən 1 faizini təşkil edir.
Cari ilin sentyabrında Bakıda keçirilən II Beynəlxalq İnvestisiya Forumunda 33 trilyon dollardan artıq maliyyə resurslarını idarə edən qurumlar iştirak edirdi. İki gün ərzində 10,8 milyard dollarlıq potensial investisiya razılaşmaları əldə olundu. Lakin nə üçün «Mercedes-Benz»in regional istehsal və mühəndislik mərkəzi, Almaniyanın «Deutsche Bank»ının, Britaniyanın «Barclays» bankının regional filialları Bakıda fəaliyyət göstərməsin?
Azərbaycanın beynəlxalq maliyyə əməliyyatlarının və regional ticarətinin miqyası dünyanın aparıcı banklarının ölkəmizdə iştirakına imkan verir.
Dost Qazaxıstanda xarici və birgə mülkiyyət əsasında fəaliyyət göstərən müəssisələrin, filialların və törəmə şirkətlərin sayı 65,5 mini ötüb. Özbəkistanda isə xarici kapitalın iştirakı ilə fəaliyyət göstərən müəssisələrin sayı 22 mini keçib. Daşkənddə sənaye sektorunda 4 mindən, informasiya və kommunikasiya sahəsində 1800-dən artıq xarici kapitallı müəssisə fəaliyyət göstərir. «J.P. Morgan», «Citibank», Almaniyanın «Commerzbank» kimi nüfuzlu maliyyə institutlarının Daşkənddə nümayəndəlikləri var.
Qazaxıstanda «Hyundai» markalı avtomobillərin istehsal edildiyi müəssisədə 1300-dən artıq insan çalışır, ötən il 52 mindən çox avtomobil istehsal olunub. Özbəkistanda dünyanın aparıcı elektromobil istehsalçılarından olan «BYD» şirkəti ilə birgə yaradılan zavodun ilkin mərhələsinə 160 milyon dollar sərmayə qoyulub, illik istehsal gücü 50 min avtomobil təşkil edir. Təklif edirik ki, dünyanın 100 ən böyük korporasiyasının Azərbaycanda daimi iqtisadi iştirakı üçün hökumət ayrıca fəaliyyət proqramı hazırlasın. Bunun üçün vergi və gömrük qanunvericiliyi ilə yanaşı, mülkiyyət hüquqlarının qorunması, maliyyə xidmətlərinin rəqabət qabiliyyəti və işgüzar mühitin proqnozlaşdırıla bilməsi mühüm əhəmiyyət daşıyır.
Son illər dövlət sektorunda aparılan struktur islahatlarının, idarəetmənin təkmilləşdirilməsinin və optimallaşdırma tədbirlərinin sosial-iqtisadi nəticələrinə də diqqət yetirməliyik. 2019-cu ildə dövlət sektorunda muzdla çalışanların sayı 916 min nəfərdən çox olduğu halda, hazırda 837 min nəfər ətrafındadır. Təkcə cari ilin doqquz ayında dövlət sektorunda çalışanların sayı 29 min nəfər azalıb, qeyri-dövlət sektorunda isə 11,8 min nəfər artıb. Haqlı sual yaranır: dövlət sektorundan ayrılan əmək resurslarını özəl sektor hansı səviyyədə qəbul etməyə qadirdir?
Ölkəmizdə problem dövlət sektorunun böyüklüyündən daha çox özəl sektorun yetərincə genişlənə bilməməsidir. Dövlət sektorunun mütləq sayını azaltmadan da onun iqtisadiyyatdakı nisbi çəkisini aşağı salmağın daha sağlam yolu ştatların birbaşa və süni imtahanlarla ixtisarı əvəzinə, özəl sektorda yüz minlərlə yeni iş yerinin yaradılmasıdır. Bir dövlət qurumunun xərclərinə qənaət digər dövlət təşkilatının sosial müdafiə xərclərini artırırsa, peşəkar kadrlarınn itirilməməsi üçün islahatların ümumi iqtisadi səmərəsini yenidən hesablamalıyıq.
Paralel strukturların ləğvini, rəqəmsallaşmanı və büdcə vəsaitlərindən səmərəli istifadə tələbi başadüşüləndir. Lakin rayonlarda alternativ iş yerləri yaratmadan dövlət müəssisələrini ixtisar etməklə paytaxta miqrasiyanın qarşısını almaq çətin olar.
Təklif edirik ki, ixtisarların açıq meyarları əvvəlcədən kollektivlərə elan olunsun, təcrübəli mütəxəssislər vahid kadr ehtiyatı bazasına daxil edilərək digər dövlət qurumlarındakı vakansiyalara yerləşdirilsinlər. Hökumət son beş ilin optimallaşdırma tədbirlərinin yekunlarına dair ayrıca sosial-iqtisadi qiymətləndirmə aparması faydalı olar”.
Zahid Oruc vurğulayıb ki, siyasi müstəqilliyi təmin edən iqtisadi suverenlikdir: “Milli istehsalımızı gücləndirdikcə xarici bazarlardan asılılığımız azalacaq. Rəsmi məlumata görə, 2025-ci ildə ərzaq idxalına 2,6 milyard dollar xərclənib. Dünya Bankının araşdırmasına görə, Azərbaycanda müəssisələrin orta yaşı 11,8 il, Avropa və Mərkəzi Asiya regionunda 21,6 ildir. KOBİA-nın sorğusuna görə müəssisələrin yalnız 18,5 faizi 11 il və daha artıq fəaliyyət göstərdiyini bildirib. Hər il açılan müəssisələrin neçəsinin beş, on, iyirmi, otuz il yaşaya bildiyinə dair büdcə xüsusi fəsil olması, nəsildən-nəslə ötürülən, beynəlxalq bazarlarda möhkəmlənən milli sənaye markalarının sayının artmasını arzu edirik.
Prezidentin 2016-cı il tarixli Fərmanı ilə «Made in Azerbaijan» brendinin dünyada tanıdılması üçün ilkin olaraq 3 milyon manat ayrılmışdı. Ötən on ildə Fərmanın icrası nəticəsində neçə milli markamızın dünyanın aparıcı ticarət şəbəkələrinə daxil olduğunu müəyyənləşdirən həm də büdcə siyasətimizdir. XXI əsrin ən parlaq hərbi qələbələrindən birini dünyaya «Made in Azerbaijan» brendi kimi təqdim edən xalqımız yüzlərlə milli istehsal məhsulunu da dünya bazarına çıxarmağa qadirdir.
Qlobal təhlükələrin və geosiyasi qarşıdurmaların artdığı bir dövrdə 2027-ci ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi inkişafına və müdafiə qüdrətinin möhkəmləndirilməsinə, Böyük Qayıdışın uğurla davam etdirilməsinə etibarlı maliyyə təminatı yaradır.
İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib ölkəmiz daha da qüdrətli və güclü olacaq".