BAKI, 8 may. TELEQRAF
Mərkəzi Gömrük Hospitalında ürək əməliyyatı keçirən Xalq artisti Akif İslamzadənin səhhəti stabildir.
Bu barədə Teleqraf-a Xalq artistinin oğlu Ayxan İslamzadə məlumat verib.
O bildirib ki, bu gün həkim müayinəsindən sonra sənətçinin reanimasiya şöbəsində qalacağı, yaxud palataya köçürüləcəyi müəyyənləşəcək:
“Şükür Allaha, vəziyyəti stabildir. Həkim baxışından sonra bəlli olacaq ki, reanimasiya şöbəsində qalacaq, yoxsa palataya köçürüləcək”.
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu isə Teleqraf-a açıqlamasında Xalq artistinin səhhətindəki son durum haqqında məlumat verib:
“Axşam saatlarında xəstəxanaya ürəyin ön divarının kəskin böyük infarktı diaqnozu ilə kritik vəziyyətdə gətirildi. Stent implantasiyası olundu. Hazırda stasionar şəraitdə müalicəsi davam edir. Vəziyyəti stabildir. Hər şey normal davam etsə, hətta sabah evə buraxılması mümkündür”.
Qeyd edək ki, Akif İslamzadə gecə saatlarında ürək əməliyyatı edilib. Onun 77 yaşı var.
***
01:43
Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
Bu barədə Teleqraf-a Xalq artistinin oğlu Ayxan İslamzadə məlumat verib.
O bildirib ki, atası yarım saat əvvəl ürək əməliyyatı keçirib: “Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Bu gün qəfil vəziyyəti pisləşdi və təcili yardımla xəstəxanaya yerləşdirildi”.
Qeyd edək ki, Akif İslamzadənin 77 yaşı var.