BAKI, 3 noyabr. TELEQRAF

Üzvlük haqlarını ödəməyən şəxslərin Azərbaycan Yazıçılar Birliyindən (AYB) xaric edilməsi məsələsi növbəti katiblik iclasında müzakirəyə çıxarılacaq.

Bu barədə Teleqraf-a AYB Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

O bildirib ki, bununla bağlı üzvlərə müəyyən müddət verilib: "Borcunu ödəməyən şəxslərin qurumdan xaric edilməsi ilə bağlı hələlik qərar qəbul olunmayıb. Məsələ növbəti katiblik toplantısında müzakirə edildikdən sonra kimin üzvlükdən xaric ediləcəyi, kimin saxlanılacağı məlum olacaq".

Xəyal Rza hazırda prosesin davam etdiyini və üzvlük haqlarını ödəyənlərlə bağlı dəqiq statistik rəqəmin müəyyənləşmədiyini diqqətə çatdırıb.

AYB təmsilçisinin sözlərinə görə, Birliyə yeni üzvlərin qəbulu növbəti qurultaya qədər dayandırılıb: "2027-ci ildə keçiriləcək qurultaydan sonra qəbul komissiyası yeni üzvlük şərtlərini elan edəcək".

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi öz üzvləri qarşısında cari və əvvəlki illərin üzvlük haqlarını 1 noyabr 2026-cı il tarixə qədər ödəmək tələbi qoyub, əks təqdirdə onların AYB üzvlüyündən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq yayıb.