BAKI, 6 noyabr. TELEQRAF

"Bəzi tarixlər təqvimlərə deyil, xalqların ürəyinə yazılır. 8 Noyabr - Azərbaycanın Zəfər Günü də məhz belə bir tarixdir. Bu gün Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı Vətən həsrətinin sevincə, milli iradəsinin Zəfərə, inamının gerçəkliyə çevrildiyi gündür. Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərin müqəddəs xatirəsi, qazilərin qəhrəmanlığı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılan bu Zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qürurudur".

Bunu Teleqraf-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun sabiq Bakı nümayəndəsi Səlçuk Karakılıç deyib.

O bildirib ki, bu il Zəfər Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər edərək mərasimlərdə iştirak etmək qərarı xüsusi məna daşıyır: "Səfər Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə, Qarabağ Zəfərinə və ölkənin gələcək inkişafına verilən önəmin ifadəsidir.

Ərdoğanın Azərbaycanla bağlı son mesajları da bu münasibətin səmimiyyətini göstərir. Prezident Rəcəb Tayyib Ərdoğanın təyyarəsi qardaş Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotunun dispetçerlə əlaqə saxlayaraq Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırması ciddi mənəvi jestlərdən biri oldu. Prezident Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr münasibətilə Bakıya gəlmək niyyətini açıqlaması isə bu təbrikin real iştirak və həmrəyliklə tamamlanması arzusunu ifadə edir".

S.Karakılıç vurğulayıb ki, Azərbaycanla Türkiyənin münasibətlərini anlamaq üçün təkcə siyasi tarixə deyil, ədəbiyyatımıza və ortaq mədəni yaddaşımıza da nəzər salmaq lazımdır:

"Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindəki: “Bir ananın iki oğlu, Bir ağacın iki qolu…” misraları bu qardaşlığı bəlkə də ən gözəl ifadə edən poetik təsvirlərdəndir. Eyni kökdən qidalanan, eyni mənəvi qaynaqlardan güc alan iki xalqın birliyini bundan daha səmimi necə anlatmaq olar? Yavuz Bülent Bakilerin “Azərbaycan yüreğimde bir şahdamardır” şeiri isə Anadolu insanının Azərbaycan sevgisinin poetik etirafıdır. Azərbaycanın Türkiyə türklərinin qəlbindəki yerini şah damara bənzətmək iki xalq arasındakı bağlılığın dərinliyini göstərir. Bu misralar coğrafi məsafələri aşan bir könül birliyinin ifadəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr tarixini Zəfər Günü kimi müəyyənləşdirməsi Şuşanın azad edildiyi günün əbədiləşdirilməsi baxımından tarixi qərardır. 10 Noyabrın Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olması da iki xalqın ortaq yaddaşında xüsusi mənəvi məna daşıyır. Atatürkə Azərbaycan xalqının ehtiramı, Türkiyənin qurucu liderinə duyulan hörmət ortaq tariximizin qiymətli səhifələrindəndir.

Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz iqtisadiyyat, müdafiə, enerji, təhsil və mədəniyyət sahələrində yeni üfüqlər açır. Lakin bütün bu əməkdaşlığın arxasında daha böyük bir sərvət dayanır: nəsillərdən-nəsillərə ötürülən sevgi, etimad və qardaşlıq.

Azərbaycanın Zəfəri Türkiyədə, Türkiyənin sevinci Azərbaycanda öz əks-sədasını tapır. Bakı ilə Ankara arasındakı məsafə kilometrlərlə ölçülə bilər, ancaq könüllərimiz arasındakı məsafəni heç bir ölçü ilə ifadə etmək mümkün deyil. Qoy iki bayrağımız eyni qürurla dalğalansın, iki xalqımızın qardaşlığı əsrlər boyu yaşasın!".