BAKI, 26 oktyabr. TELEQRAF

"Müsəlman dünyası üzrə tədqiqatların aparıldığı tanınmış və nüfuzlu mərkəzə çevrilmək, eləcə də digər regionlar üçün etibarlı tərəfdaş olmaq əsas hədəflərdəndir".

Teleqraf xəbər verir ki, bunu Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid Fəthəlrəhman deyib.

O bildirib ki, Bakıda təşkil olunan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində iki mühüm istiqamət üzrə müzakirələr aparılacaq: "Birinci istiqamət sivilizasiyanın və müsəlman dünyasının inkişafı, eləcə də müasir problemlərin və münaqişələrin həlli üçün yeni yanaşmaların araşdırılması ilə bağlıdır. İkinci istiqamət isə gələcəyə yönəlmiş tədqiqat və təhlillərdə xarici amillərin rolunu, həmçinin mövcud problemlərin həlli üçün qabaqlayıcı yanaşmaların əhəmiyyətini əhatə edir".

Xalid Fəthəlrəhmanın sözlərinə görə, bu müzakirələr yeni həll yollarının müəyyənləşdirilməsi və regionlar arasında əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir.