BAKI, 6 noyabr. TELEQRAF
Dövlət Kamera Orkestrinin baş dirijoru Əməkdar artist Əyyub Quliyev Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Əyyub bəy, yaxın günlərdə atanız, mərhum Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılış mərasimi keçirildi. Abidənin layihə müəllifi kimdir?
- İlk növbədə Ramiz Quliyevin övladı, böyük musiqiçinin yetirməsi olaraq bu gün yaşadığım hisslərin necə qəmli və ağır olduğunu deməliyəm. Atamın vəfatından bir il keçməsinə baxmayaraq, hələ də o itkinin təsiri altındayam. Mənə elə gəlir, onun saysız-hesabsız tarzən ordusu vardı. Mən onu bəzən sərkərdəyə bənzədirdim. 1964-cü ildən pedaqoji fəaliyyətlə məşğul olan atam elə bir ordu yetişdirmişdi ki, bu gün onlar dünyanın müxtəlif ölkələrində Azərbaycanı layiqincə təmsil edirlər.
Ramiz Quliyevin yoxluğu onu tanıyan-tanımayan, amma sənətini eşidən hər bir insan üçün, Azərbaycan musiqi mədəniyyəti üçün böyük itkidir. Bizə onun lent yazıları qalıb və son dövrlər insanların onun ifasına olan tələbatı, ona olan sevgisi daha da artıb.
Atamın İkinci Fəxri xiyabanda qəbri üzərində çox gözəl bir sənət əsəri yaradılıb. Müəllifi istedadlı heykəltəraşımız Kənan Əliyevdir. Mənə elə gəlir ki, Ramiz Quliyev sağlığında özünə heykəl qoymuş bir insandı. Bu da onun sənətə xidmətinin, əxlaqının və Azərbaycan mədəniyyəti üçün gördüyü fenomenal işlərin nəticəsidir.

- Atanızın illərlə dərs keçdiyi, yüzlərlə tələbə yetişdirdiyi Bakı Musiqi Akademiyasındakı 406-cı otaq sizin üçün sadəcə bir auditoriya, yoxsa bir xatirə məkanıdır?
- 406-cı otaq, mənə elə gəlir, artıq tarixi bir yerə çevrilib. Orada mən həm rəsmi, həm də qeyri-rəsmi təhsil almışam. Uşaqlıqdan o otağa gedib-gəlirdim. Erkən yaşlarımdan milli alətimizlə - tarla məşğul olurdum. Atam məni tələbələrindən birinə həvalə etmişdi. 1990-cı illərin əvvəllərində Bakı Musiqi Akademiyasına dərs alırdım. O, öz sinfində - 406-cı otaqda dərs keçəndə, mən də yaxınlıqdakı otaqda məşğul olurdum. Dərsdən sonra həmişə o otağa gəlirdi. Mən həmin otaqda baş verənlərin - uşaqların necə həvəs və həyəcanla hazırlaşdığının şahidi olurdum.
Xüsusilə bir şeyi qeyd etmək istəyirəm: Ramiz müəllim dərsi saat 10-a təyin edirdisə, tələbələr artıq saat 8-9-da toplaşırdılar, dəhlizdə məşq edirdilər. Atam çox məsuliyyətli idi. Heç vaxt harasa hazırlıqsız getməzdi. Tələbələri ilə işləyəndə həmişə əvvəlcədən gəlir, öz məşqlərini edir, sonra tələbələrlə dərsə başlayırdı.
Mən Bakı Musiqi Akademiyasında iki fakültə bitirmişəm - xor dirijorluğu və tar. Ora daxil olandan bir il sonra milli musiqiyə aid bütün ixtisaslar Milli Konservatoriyaya verildi. Ramiz müəllim Bakı Musiqi Akademiyasını tərk etmədi. Çünki Akademiyaya bağlı idi. Mən bir il rəsmən atamın tələbəsi oldum. Mənimlə çox ciddi məşğul olurdu. Evdə də dərslərimiz, məşqlərimiz olurdu.
- Siz tarzən ailəsində böyümüsünüz, amma sənət yolunuzu dirijorluqla davam etdirmisiniz. Atanız bu seçiminizə necə yanaşdı? Sizi tarzən, yoxsa dirijor kimi görmək istəyirdi?
- Hansı sahəyə marağım olubsa, valideynlərim məni o sahədə dəstəkləyiblər. Qardaşım Emin Quliyev də vaxtilə tarla məşğul olub, sonra sahəsini dəyişdi. Biz heç bir məcburiyyətlə qarşılaşmamışıq - nə mən, nə də qardaşım.

- Qardaşınızın da vaxtilə tara meyl göstərib. Ailə olaraq Ramiz Quliyevin sənət irsini necə yaşadırsınız?
- Qardaşım Emin Quliyev hüquqşünasdır. Konstitusiya Məhkəməsində hakim köməkçisi çalışdı, sonra uzun müddət Bakı Dövlət Universitetində və Dövlət İdarəçilik Akademiyasında dərs dedi. Fəlsəfə elmləri doktorudur. İndi Amerikada yaşayıb işləyir. O da öz sahəsində kifayət qədər uğurlar qazanıb.
Həyatının yeniyetməlik dövründə atamın bir arzusu vardı ki, övladlarından biri tarzən olsun. Emin bir müddət musiqi ilə məşğul oldu, musiqi məktəbinə də gedirdi. Sonra estafeti mən götürdüm.
Dirijorluq sənətinə həmişə həvəs göstərmişəm. Uşaqlıq illərində klassik musiqi ilə yaxından maraqlanırdım. Məndə nadir tapılan disklər olurdu. Atam görürdü ki, disk tapılmır, öz disklərini klassik musiqi diskləri ilə dəyişdirirdi. Deyirdi ki, eybi yoxdur, mən öz disklərimi verim, sənin kolleksiyan zəngin olsun. Çünki sən bu musiqiyə qulaq asmalısan.
Balaca olanda şahmat fiqurlarından musiqi kollektivi yaradırdım. Fiqurları düzürdüm, təsəvvür edirdim ki, bu, canlı orkestrdir. Bir fiqur isə orkestrin dirijorudur. Musiqinin sədaları altında sanki fiqurlar canlanırdı...
Evdə valideynlərim hiss etdilər ki, dirijorluğa həvəsim böyükdür. Bakı Musiqi Akademiyasına daxil olmaq məsələm aktuallaşanda dedim ki, sənədlərimi dirijorluq sahəsinə vermək istəyirəm. Akademiyada o vaxt simfonik dirijorluq fənni tədris olunmurdu, xor dirijorluğu vardı. Xor dirijorluğu üzrə altı il bakalavr və magistr təhsili aldım.
Seçimlərimdə ailəm mənə həmişə dəstək olub. Akademiyanı bitirəndən sonra simfonik dirijorluq üçün xaricdə təhsil almaq lazım gəldi. Dövlət xətti ilə Sankt-Peterburq Konservatoriyasına getdim, oranın aspiranturasını bitirdim. Sonra da Vyana...
- Bir sənətkar övladı olaraq atanızın kölgəsində qalmadınız, öz sahənizin peşəkarı kimi tanındınız. Sizcə, tarzən kimi fəaliyyət göstərsəydiniz, ikinci Ramiz Quliyev yetişə bilərdimi?
- Ümumiyyətlə hesab edirəm ki, Ramiz Quliyev kimi sənətkarlar təkrarolunmazdır. Ona bənzəmək, onu təqlid etmək olar, bunu çoxları edir. Tanınmış tarzənlər arasında atamın yolunu davam etdirmək istəyənlər də olub. Bu, təbii prosesdir. Amma o sanbalda, o səviyyədə güc, möhtəşəmlik və əzəmət yalnız onun özünə məxsus idi.
Hesab edirəm ki, tarzən kimi müəyyən uğurlarım oldu. Atamla böyük festivallarda iştirak etdik. Çoxlu disklərimiz var, simfonik orkestrlərlə, kamera orkestri ilə, xalq çalğı alətləri ilə çıxışlar etmişik. Tarla məşğul olsaydım, bəlkə də yaxşı tarzən olardım, amma inanmıram ki, Ramiz Quliyev səviyyəsinə gəlib çıxa bilərdim.
- Hazırda tar çalırsınızmı?
- Yox, təəssüf ki... Dirijorluq vaxtımın böyük hissəsini alır. İki kollektivdə çalışıram - Dövlət Akademik Opera və Balet Teatrında, Dövlət Filarmoniyasında.
Tar çətin sənətdir, amma onun üçün darıxıram. Tar səsini eşidəndə yüksək hisslər yaşayıram, xüsusilə səhnədə tarzənlərlə işləyəndə. Atamın tələbələri ilə bir neçə konsertimiz olub.

- Dirijorluq böyük məsuliyyət tələb edir. Səhnədə kiçik bir səhv etdiyiniz hal olubmu? O anı necə idarə etmisiniz?
- Dirijorluq təyyarənin və ya gəminin idarə edilməsi kimidir. Sükan sənə verilibsə, gərək orada səhv etməyəsən. Xırda səhvlər mümkündür. Mühitlə, musiqiçilərlə, əsərin mürəkkəbliyi ilə də bağlı ola bilir. Amma ciddi bir yanlışlığa yol vermirəm.
Ümumiyyətlə, ifa prosesində yarana biləcək çətinliklərə və gözlənilməz hallara hazır olmaq vacibdir. Hər hansı yanlışlıq baş verərsə, dirijor onu düzgün idarə etməyi bacarmalıdır. Şəxsən mənim fəaliyyətimdə isə belə səhvlər olmayıb.
- Bir dirijor kimi məşq prosesinə necə yanaşırsınız? Sizin üçün məşqdə qətiyyən qəbuledilməz olan, qadağan saydığınız nəsə varmı?
- Mənim üçün qəbuledilməz olan yeganə şey məşqə hazırlıqsız gəlməkdir. Elə dirijorlar var ki, məşqə ekspromt şəkildə gəlir və əsəri elə iş prosesində öyrənməyə başlayırlar. Hesab edirəm ki, əsəri bilmədən kollektivin qarşısına çıxmaq musiqiçilərə hörmətsizlikdir. Mən özümə və musiqiçilərə qarşı belə bir addım atmaram.
Hətta dəfələrlə ifa etdiyim əsər olsa belə, məşqdən əvvəl mütləq ona yenidən baxır, hazırlaşır, yaddaşımı təzələyirəm. Çünki məşq həm də suallar deməkdir. Kollektivin üzvləri dirijora müxtəlif suallar ünvanlayırlar, buna görə dirijor maksimum hazırlıqlı olmalı, məşqi planlı şəkildə aparmalıdır.
Dirijor orkestrlə eyni səviyyədə dayanmalı, özünü kollektivdən üstün tutmamalıdır. Çünki burada söhbət bərabərhüquqlu yaradıcılıq prosesindən gedir. Əsəri dirijor və musiqiçilər birlikdə yaradırlar.
- Bəzi dirijorlar özlərindənrazı davranırlar...
- Bu, müəyyən mənada problemdir. Təəssüf ki, dirijorlar arasında diktator davranışına yol verənlər də az deyil. Halbuki dirijor orkestr üzvləri ilə eyni səviyyədə olmağa çalışmalıdır. Musiqiçilər hiss etməlidirlər ki, onlar önəmlidirlər, fikir və yaradıcılıqları qiymətləndirilir.
- Yaradıcılıq fəaliyyətinizdə diktator xarakterli dirijorlarla işləmək təcrübəsi olubmu?
- Bizim sahədə belə hallar olub. Xüsusilə XX əsrin əvvəllərində diktator xarakterli dirijorlar çox idi. Onların arasında məşhur dirijorlar da vardı. İndi bu cür davranmaq mümkün deyil. Dövr dəyişib, orkestr və musiqiçilər artıq çox böyük nüfuza malikdirlər. Musiqiçilərlə kobud rəftar edən dirijor orkestrdəki nüfuzunu sürətlə itirə bilər. Onu bir daha dəvət etməzlər, həmin orkestrdə işləmək imkanı qazanmaz.
Bu gün orkestrlərin seçim hüququ var, öz dirijorlarını özləri seçirlər. Xarici ölkələrdə belə bir xüsusiyyət var, konsertdən sonra musiqiçilərdən soruşurlar ki, "dirijoru bəyəndinizmi, onunla yenidən işləmək istərdinizmi?". Bizdə də tədricən bu sistemə keçilir.
Biz sovet sisteminin bəzi ənənələrini hələ də yaşatmağa davam edirik. Təhsillə bağlı sovet dövrünün müsbət tərəfləri olub. Ancaq ideoloji baxımdan müəyyən yanaşmalar var ki, zaman dəyişdikcə öz aktuallığını itirib. Artıq dövrün tələblərinə uyğunlaşmaq lazımdır.

- 2009-cu ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğulsunuz. Gənclər arasında dirijorluq sənətinə maraq hansı səviyyədədir?
- 2009-cu ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğulam. Həm yerli, həm də əcnəbi tələbələrə dərs deyirəm. Mənim sinfimə yalnız dirijorlar deyil, bəstəkarlar, skripkaçılar və musiqişünaslar da gəlirlər. Bu da məni çox sevindirir. Gənclər arasında musiqiyə maraq göstərilir. Elə gənc dirijorlar var ki, onların gələcəyinə böyük inam bəsləyirəm. Sadəcə, orkestrlərimizin inkişafı üçün müəyyən addımlar atılmalıdır. Gənclər orkestri yaradılmalı, gənclər üçün simfonik kollektivlərin sayı artırılmalıdır.
Ümumilikdə, orkestrlərimiz kifayət qədər məhsuldar fəaliyyət göstərirlər. Həm Opera Teatrının, həm də Dövlət Simfonik Orkestrinin kollektivləri işləyir. Mənə elə gəlir, ölkəmizdə dirijor sayı kifayət qədərdir. Ancaq yeni nəsil yetişirsə, onları işlə təmin etmək lazımdır. Bunun üçün mövcud orkestr kollektivlərinin sayı yetərli deyil.
- Rəhbərlik etdiyiniz orkestrə yeni musiqiçilər qəbul edə bilirsinizmi?
- Bizim sahədə müəyyən çətinliklər var. Elə musiqi alətləri var, onlara maraq çox deyil. Bu sahələrə marağın və tələbatın artırılması üçün stimullaşdırıcı addımlar atılmalı, maddi təminat yaxşılaşdırılmalıdır. Çox istərdim ki, bütün alət qrupları üzrə öz peşəkar musiqiçilərimiz olsun və kollektivlərimiz tam şəkildə yerli kadrlarla təmin edilsin.
- Atanızın tar ifasında hansı əsərləri daha çox dinləyirsiniz?
- Atamın ifasında möhtəşəm əsərlər var, hesab edirəm ki, onlar tarixdə qalacaq. Xarici bəstəkarlarla ilk dəfə işləyən sənətkarlardan biri Ramiz Quliyev olub. Onun ifasında "Ləpələr" çox xoşuma gəlir.