BAKI, 8 noyabr. TELEQRAF

Ukraynada cəbhədə irəliləməkdə uğursuzluğa düçar olan və qış ərəfəsində zərbələri gücləndirən Rusiya Ukrayna iqtisadiyyatını tamamilə məhv etməyə çalışır.

Teleqraf xəbər verir ki, bu barədə CNN-in analitik materialında bildirilib.

Analitiklərin sözlərinə görə, Rusiya Ukraynanın enerji infrastrukturuna əvvəlki illərlə müqayisədə daha intensiv raket və dron zərbələri endirir. Kreml Ukrayna iqtisadiyyatına daha böyük ziyan vurmaq məqsədilə hədəflər siyahısını da genişləndirib.

“New Eurasian Strategies Centre”in analitiki Con Lou hesab edir ki, Rusiyanın hava hücumu kampaniyası artıq açıq şəkildə Ukrayna iqtisadiyyatını məhv etməyə yönəlib. Onun sözlərinə görə, Kiyevin bir çox avropalı müttəfiqi Ukraynada vəziyyətin nə dərəcədə ciddi olduğunu tam dərk etmir:

“Putin belə qənaətə gəlib ki, Donbasda daha çox qüvvə göndərməklə və irəliləməyə çalışmaqla qələbə qazana bilməyəcək. Çünki yay Ukrayna üçün nisbətən uğurlu keçib. O, hadisələrin gedişatını dəyişdirməyin yeganə yolunun iqtisadiyyatı dağıtmaq olduğu qənaətinə gəlib və ruslar hazırda sistemli şəkildə məhz bununla məşğuldurlar”.

Dünyada münaqişələri izləyən ACLED təşkilatının Şərqi Avropa üzrə tədqiqatçısı Kristian Vlas bildirib ki, bu qış Ukraynanı ötən illə müqayisədə xeyli əvvəl başlayacaq son dərəcə ağır humanitar vəziyyət gözləyir.

Ukraynada mülki əhali arasında ölənlərin sayı müharibənin ilk aylarından bəri ən yüksək həddə çatıb. ACLED-in məlumatına görə, 2026-cı ilin əvvəlindən etibarən Rusiyanın zərbələri nəticəsində 2700-dən çox ukraynalı mülki şəxs həlak olub.

Rusiyanın Ukraynaya endirdiyi zərbələrin sayı da durmadan artır. 2026-cı ilin yanvarında 3650 belə hücum qeydə alındığı halda, oktyabrda bu göstərici 5 532-yə çatıb.

Rusiyanın Qara dəniz və Dunay limanları vasitəsilə ixracda iştirak edən obyektlərə, sənaye anbarlarına, dəmir yolu infrastrukturuna və poladəritmə müəssisələrinə hücumları müntəzəm xarakter alıb. Bu obyektlərin bəziləri həm mülki, həm də hərbi məqsədlər üçün istifadə olunur. Amma CNN-ə danışan ekspertlər son vaxtlar zərbələrin getdikcə daha çox məqsədyönlü şəkildə mülki obyektlərə endirildiyini bildirirlər.

“Bu, Ukraynanın vergi bazasına zərbədir. Söhbət sadəcə mücərrəd mənada sənayedən getmir. Bu hücumlar insanların əməkhaqlarına təsir edir”, - Vlas qeyd edib.

O vurğulayıb ki, Rusiyanın kənd təsərrüfatı və taxıl ixracı kimi digər mühüm sektorlara hücumları ilə birlikdə bu addımlar Moskvanın Ukrayna iqtisadiyyatının bir neçə sahəsində eyni vaxtda genişmiqyaslı iqtisadi böhran yaratmağa çalışdığını göstərir.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) Rusiya üzrə mütəxəssisi Yekaterina Stepanenko deyib ki, Rusiya ticarət mərkəzləri, anbarlar və saxlama obyektləri kimi hədəflərə də zərbələr endirir.

Stepanenkonun sözlərinə görə, əvvəllər Rusiya əsasən gecə saatlarında hücumlar həyata keçirirdisə, indi gündüz saatlarında hücumların sayı artır. Bunun səbəblərindən biri Ukraynada gündəlik iqtisadi və işgüzar fəaliyyəti iflic etmək cəhdidir.

“Bu müharibənin məcmu təsirini və Ukrayna tərəfinin son dərəcə tükənmiş vəziyyətdə olduğunu nəzərə almaq lazımdır. İqtisadiyyatın bu qədər böyük təzyiq altında olduğu bir şəraitdə həqiqətən təhlükəli məqam yetişib”, - Con Lou əlavə edib.