BAKI, 8 noyabr. TELEQRAF

“Rusiya ABŞ Prezidenti Donald Trampın diqqətini Ukraynadakı müharibədən digər qlobal məsələlərə yönəltməklə Qərb ölkələri arasında parçalanmaya nail olub”.

Teleqraf xəbər verir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Gerhard Şindler deyib.

Şindlerin fikrincə, Rusiya Prezidenti Vladimir Putin ABŞ liderinə nadir torpaq metallarının tədarükü və Arktikada birgə layihələr kimi sahələrdə əməkdaşlıq da təklif edib.

Almaniya kəşfiyyatının keçmiş rəhbəri Rusiyanın beynəlxalq arenada mövqelərini artıq bərpa etdiyini iddia edib. Onun sözlərinə görə, bunu Rusiyanın ABŞ-də keçirilən “Böyük İyirmilik” (G20) sammitlərində tamhüquqlu iştirakı da təsdiqləyir. Şindler gələcəkdə bu formatın “Böyük Yeddiliyi” (G7) tamamilə əvəz edə biləcəyini düşünür.

“Bu o deməkdir ki, Rusiya beynəlxalq siyasətdə qələbəyə doğru irəliləyir”, - o vurğulayıb.

BND-nin keçmiş rəhbəri yaxın perspektivdə Avropa İttifaqının da Ukraynaya hərbi yardımı dayandırmağa məcbur qalacağını da iddia edib: “Artıq Vaşinqton bu dəstəkdən imtina edir”.

Gerhard Şindler hesab edir ki, bu məsələ yanvar ayında kəskin xarakter alacaq. O, Brüsselin Ukraynanın ehtiyacları üçün hər il 90 milyard avro ayırmaq imkanına malik olması fikrini “illüziya” adlandırıb.

BND-nin keçmiş rəhbərinə görə, dönüş nöqtəsi Avropa hökumətlərinin öz əhalisinin iqtisadi sabitliyini qorumaq naminə tanklar və raketlər kimi əlavə hərbi texnika partiyalarının tədarükündən imtina etməsi olacaq. Şindler Avropanın bu məsələdəki birliyinin bir-iki il ərzində dağılacağını və prosesin artıq yaxınlaşdığını bildirib.