BAKI, 8 noyabr. TELEQRAF

Payız günüdü. Küləyin sovurduğu saralmış yarpaqlar yerə tökülür, havanın soyuğu adamı üşüdürdü. Redaksiyamızın bir qrup əməkdaşı ilə birlikdə Şanlı Zəfərimizə vəsilə olan qəhrəmanlarımızdan biri - şəhid leytenant Teymur Abbasovun həyat yoldaşı Sonaxanım Abbasova ilə görüşə yollanmışdıq. Məqsədimiz təkcə onunla ötən illərə boylanmaq deyildi, həm də ağır itkidən sonra dim-dik ayaqda qalmaq mübarizəsini, sıfırdan öz işini qurmaq əzmini göstərib digər şəhid xanımlarına motivasiya olmaq istəyirdik. Söhbətimizin sonuna doğru başlayan payız yağışı altında bir qəhrəman xanımının həm qürur, həm də həsrət dolu həyat hekayəsini dinlədik...

"Fəxrlə yaşasaq da, ağır itkimiz qəlbimizdə əbədi qalacaq"

“Zəfər Günü şəhid ailəsi olaraq, bizim ən böyük qürur mənbəyimizdir. Bu gün Azərbaycanın alnından 30 illik məğlub ölkə statusunun silindiyi gündür. Qalib ölkə vətəndaşı kimi bu torpaq üçün canımızdan, qanımızdan olan insanları bayrağa bükülü tabutda dəfn etsək də, onlara ömür boyu borcluyuq.

Qalib xalq olaraq bizim ağlamağa, sızlamağa, göz yaşları içində boğulmağa haqqımız yoxdur, əksinə fəxarətlə yaşamalıyıq.

Əlbəttə, bir şəhid ailəsi olaraq Zəfər Günü mənim üçün həm də çox ağrılıdır.

Soruşursanız ki, bayram keçirirsinizmi? Bilirsiniz, necə keçirirəm? İki övladımla birlikdə həyat yoldaşımın məzarının başında, İkinci Fəxri xiyabanda... Mənim və mənim kimi bütün şəhid ailələrinin bayramı soyuq məzar daşlarının yanında keçir. Biz bu günü fəxr və qürur hissi ilə yaşasaq da, ağır itkimiz qəlbimizdə əbədi bir acı kimi qalacaq”.

“Xoşbəxtlik varkən, heç bir qadın güclü olmağı seçməz...”

“Son zamanlar cəmiyyətdə “güclü qadın obrazı” tendensiyası geniş yayılıb. Amma mənə elə gəlir ki, xoşbəxt olmaq fürsəti varkən, heç bir qadın güclü olmağı seçməz. Ancaq həyatın bizə nələr hazırladığını əvvəlcədən bilmirik.

Xüsusilə bizim vəziyyətimizdə olan xanımlar - istər şəhid yoldaşı, istər anası, istərsə də qızı olsun - güclü olmaq məcburiyyətindədir. Çünki qəhrəman ailəsinin üzvüyük və bu, hər kəsin qismətinə düşmür. Tez-tez şəhidlərimizin keçdiyi ömür yoluna baxıb deyirlər: “Onlar necə də seçilmiş bəndələr olublar!” Mənə elə gəlir ki, bu ifadəni təkcə şəhidlərimizə deyil, həm də onların geridə qoyduqları müqəddəs əmanətlərə - ailələrinə də şamil etmək olar.

Yoldaşıma övladlarını onun adına layiq böyüdəcəyimə söz vermişəm. O, müharibəyə gedəndə bilirdi ki, geridə kimləri qalır. Bunu hər zaman deyirəm, bəlkə də təsəllimdir, yaxud nədir, bilmirəm, amma inandığım həqiqətimdir: o, mənə arxayın olmasaydı, gözü arxada qalardı.

Mənə “qəhrəman xanımı” deyəndə... Bu sözün, statusun altında əzildiyim qədər, bir o qədər də fəxr və qürur duyuram. Çünki mən o cür bir qəhrəmanın həyat yoldaşıyam. Həyat mənim əlimdən qadın xoşbəxtliyimi, bütöv ailəmi alsa da, mənə belə şərəfli bir ad verib”.

“Dedi, seçim qarşısında qoysan, bilirsən ki, nəyi seçəcəyəm”

“27 sentyabr - müharibənin başladığının elan olunduğu gün onun sevincinin həddi-hüdudu yox idi. Bir gün sonra Teymur işdə olanda mənə zəng etdi ki, muştuluğumu ver, Hərbi Komissarlıqdan çağırış vərəqəsini almışam. Soruşdum nə kağızı? Dedi ki, səhərdən orada növbədəyəm, məni daha tez müharibə zonasına göndərməklə bağlı müraciət etmişdim. Axır ki, kağızını aldım, gəlirəm evə.

Mən heç gözləmirdim ki, bu tezliklə onu cəbhəyə yola salarlar.

Evə gəldi, çox qəribə şəkildə səssizliyə qərq oldu bizim ev. Ona bir neçə dəfə dedim ki, "39 yaşın, iki övladın var, ordumuzun canlı qüvvə çatışmazlığı yoxdu, sənin getməyinlə nə olacaq ki?"

Bircə kəlmə həqiqətən mənə o qədər pis təsir etdi, öz dediyim sözdən utandırdı məni. Dedi ki, "seçim qarşısında qoysan, özün bilirsən ki, mən nəyi seçəcəyəm... Mən istəmirəm ki, ora gedəndə sənin qəlbini qırıb gedim. Heç bir şəhid yoldaşından artıq deyilsən. Sən övladının hərbi xidmətdən şəhid olub gəlməsini təsəvvür edə bilərsənmi? Bax mən övladlarımın tabutu qapıma gəlməsin deyə bu gün müharibəyə getməliyəm..."

O gecə, inanın, səhərə qədər susduq. Səhər Teymuru yola saldım. Geyindi-keçindi, qapıdan şux qaməti ilə yola düşdü".

"Həyatımda ən ağır gün xəbərini sosial mediadan öyrənməyim oldu"

“Teymur zəng edəndə dediyi bir söz var idi: "Yaxşı olacaq, qələbə bizimdir. Gələndə sənə danışası o qədər söhbətlərim var ki..." Təəssüf ki, o söhbətləri nə Teymur mənə danışdı, nə də mən onu eşitdim.

2020-ci ilin oktyabr ayında ondan zəng gözləyirdim ki, yenə səsini eşidəcəm, mən də işğaldan azad olunan ərazilərimizin şad xəbərini ona verəcəyəm. Müharibə zonasında olduqları üçün çox vaxt onların məlumatı olmurdu.

Hər gün xəbərlərə baxır, cəbhədən gələn həm acı, həm də qalibiyyət xəbərlərini izləyirdik, kiminsə qapısından Azərbaycan bayrağı asılır, şəhid gəlirdi. Oktyabrın 13-ü səhər durub işə gedirdim, qapıdan çıxanda öz-özümə dedim: “Ya Rəbbim, Teymurdan bir sutkadır səs-soraq yoxdur, sən mənə qara xəbər nəsib eləmə”.

Teymur artıq oktyabrın 11-dən 12-nə keçən gecə Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik məqamına ucalmışdı. Biz bu məlumatı bir gün sonra öyrəndik.

Həyatımda ən ağır gün yoldaşımın şəhid xəbərini sosial mediadan öyrənməyim oldu. Təsəvvür edirsiniz, evinizdən çıxırsınız, ailəniz bütövdür və işdə oturub yoldaşınızdan xəbər gözləyirsiniz. Birdən internetə daxil olursunuz və görürsünüz ki, həyat yoldaşınızın xəbəri bütün dostlarınız, ölkə saytları tərəfindən paylaşılıb: “Abbasov Teymur Feyruz oğlu Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub”.

Üstündən illər keçməsinə baxmayaraq yaram ilk günkü kimi ağrıyır.

Teymur şəhid olanda bir övladımın 7, birinin 8 yaşı vardı. Övladlarım məhz həmin gün - atalarını dəfn etdiyimiz dəqiqələrdə böyüdülər. Mən təkid etdim ki, atalarını məhəllədən son mənzilə onlar yola salmalıdırlar. Bu hissi yaşamalıdırlar ki, Vətən haradan başlayır, Vətən nədir - bilsinlər. Ola bilər ki, şəhid övladıdırlar, amma onu duymalıdırlar, hiss etməlidirlər. Ağrısı ilə, acısı ilə bilməlidirlər Vətən nədir!”

"Dayanmaq lazım deyil"

"Biz buranı - “Oxloff” çörək və şirniyyat evini açanda hər bir yerdə tanınmaq planınımız yox idi. Sadəcə ikinci bir iş kimi düşünürdüm, çünki evdə iki uşaq böyüyür. Onların gələcəklərini təmin etmək üçün mənə əlavə kömək olmasını düşündüm. Amma iki aydan sonra çalışdığım şirkətdə işdən çıxmaqla bağlı ərizə yazırdım. Çünki iki işi birlikdə çatdırmaq olmurdu. Sıfırdan qurulan bu biznes anamın və xalamın dəstəyi ilə, yəni üçümüzün əziyyəti ilə ərsəyə gəldi. Hazırda olduğum yerdən məmnunam və düşünürəm ki, dayanmaq lazım deyil".

"Bəzi şəhid ailələri hələ də toparlana bilməyib, bunun kökündə bəzən ictimai qınaq dayanır”

"Şəhidlik zirvəsi qürur mənbəyimizdir. Buna baxmayaraq müharibədən ən çox zərbəni şəhid ailələri aldı. Od düşdüyü yeri yandırar. Halva öz evinizdə bişməyibsə, sizə şirin gələcək. Nə qədər empatiya qurub "acınızı paylaşırıq, sizi başa düşürük" desələr də, xeyr, bu ağrı-acını yaşamada heç kim heç kimi anlaya bilməz. Şəhid yoldaşı, anası, övladı olaraq bizim üçün toparlanıb həyata davam etmək çox çətin oldu. Böyük qisim hələ də toparlana bilməyib. Bunun kökündə bəzən ictimai qınaq dayanır. Şəhid ailələrinin üzərinə o qədər neqativ yükləmişik ki...

Şəhid ailəsi danışa, gülə, toya gedə bilməz, oynaya, şad bir gün keçirə, özünə bəzək vura, rəngli geyinə bilməz - deyirlər. Bu, çox yanlışdır. Niyə? O insanlar sizlərin xoş yaşamağından ötrü canlarından bir parça veriblər. Uşaqlar atasız, içi mən qarışıq xanımlarımız dul, analar övladsız qalıb deyə bir ömür boyu biz ağlayaq, siz bizi kənardan alqışlayasınız? Bu, nə dərəcədə doğrudur? Onların bədbinliyin içindən çıxmamasında cəmiyyətimizin rolu böyükdür.

Bununla bağlı maariflənmə olmalıdır. Şəhid anası tanıyıram ki, 6 ildir heç kəslə ünsiyyət qurmur. Biz onlara hansısa formada dəstək olmalıyıq. Təbii ki, dövlətimiz bu istiqamətdə işlər görür.

Bir şeyi qəbul etməliyik ki, şəhidlərimiz cavan canlarından bu Vətəndən ötrü keçiblər. Biz də onların adını hər zaman yüksəkdə tutmağa məcburuq. Məsələn, mən hara gedirəmsə, həyat yoldaşımı təmsil edirəm. Heç kəs demir filankəsin qızıdır, deyirlər Teymurun həyat yoldaşı Sonaxanımdır.

İstəmərəm desinlər ki, Teymurun yoldaşı bütün gün ağlayır, sızlayır, uşaqlar ortalıqda qaldı. Düzdür, bəzi insanlar başqalarının bədbinliyindən zövq alırlar, kədərdən qidalanırlar. Amma elə insanlar da var ki, bizə çox gözəl dəstək olurlar.

Bizə maddi dəstək lazım deyil, yanımızda olmaq lazımdır. Göstərsinlər ki, şəhidlərimizi unutmayıblar, bu, kifayətdir. Şəhidlər unudulanda ölür. Biz xalq olaraq onları unutmağa qoymamalıyıq. Zəfərimizi şəhidlərimizə, qazilərimizə, ordumuza borcluyuq.

Bədbinliyi kənara qoymalı, qalib ordunun qalib vətəndaşları kimi alnıaçıq, başı dik dayanmalı, düşməni sevindirməməliyik".

O soyuq payız günündə danışılanların hamısı sətirlərə sığmadı. Sonaxanımınla geniş söhbəti videomüsahibədə izləyin: