BAKI, 8 noyabr. TELEQRAF

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid əməkdaşlarının ailələrini ziyarət edib.

Ziyarətlərdə “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin üzvləri və digər rəhbər şəxslər iştirak ediblər. Onlar şəhid əməkdaşların Bakıda və müxtəlif rayonlarda yaşayan ailələrinə baş çəkib, valideynləri və yaxınları ilə görüşərək ailələrin vəziyyəti və rifahı ilə maraqlanıblar.

Şəhidlərin valideynləri və ailə üzvləri “Araz” supermarketlər şəbəkəsinin göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər. Onlar şirkətin şəhid ailələrinə daim diqqət və mənəvi dəstək göstərdiyini vurğulayıblar.

Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsinin 9 əməkdaşı Şuşa, Xocavənd, Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək şəhid olub. Onların arasında Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev də var. Şəhid əməkdaşların hər biri göstərdikləri igidliyə görə orden və medallarla təltif olunublar.