BAKI, 17 noyabr. TELEQRAF
Korrupsiya ittihamı ilə həbsdə olan Pakistanın keçmiş Baş naziri İmran Xanın səhhəti təcridxanada saxlanılması səbəbindən kəskin pisləşib.
Teleqraf xəbər verir ki, bu barədə "The India" nəşri siyasətçinin vəkillərinə istinadən məlumat yayıb.
Vəkillərin sözlərinə görə, 74 yaşlı İmran Xanın təcili olaraq müstəqil tibbi müayinəyə ehtiyacı var.
Onlar siyasətçinin uzun müddət təkadamlıq kamerada saxlanılmasının, kitab oxumasına və televiziya proqramlarına baxmasına qoyulan qadağanın psixoloji sağlamlığına ciddi təsir göstərdiyini bildiriblər:
"İmran Xanın görmə qabiliyyəti xeyli zəifləyib. Siyasətçi səhhətinin daha da pisləşəcəyindən və insult keçirmə ehtimalından narahatdır. O, belə davam edəcəyi təqdirdə azadlığa çıxana qədər sağlamlığının ciddi şəkildə zərər görə biləcəyini düşünür".
Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri vəzifəsində çalışıb. O, 2022-ci il aprelin 10-da parlamentdə keçirilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən uzaqlaşdırılıb. 2023-cü ildən həbsdə olan siyasətçi korrupsiya və digər cinayətlərdə ittiham olunur.
O, korrupsiya işi üzrə 14 il müddətinə azadlıqdan məhrum edilib. İmran Xanla birlikdə həyat yoldaşı Büşra Bibi də korrupsiya ittihamı ilə 7 il müddətinə həbs cəzası alıb.