BAKI, 17 noyabr. TELEQRAF
Bu gün Xocavənd şəhərinə və rayonun Quzeyxırman kəndinə, Cəbrayıl rayonunun Soltanlı, Zəngilan rayonunun isə Cahangirbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Köçürülənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə ümumilikdə 83 ailə – 333 nəfər doğma yurduna qayıdır.
Onlardan 17 ailə (74 nəfər) Cəbrayıl rayonunun Soltanlı kəndinə, 18 ailə (74 nəfər) Zəngilan rayonunun Cahangirbəyli kəndinə, 12 ailə (45 nəfər) Xocavənd rayonunun Quzeyxırman kəndinə, 36 ailə (140 nəfər) isə Xocavənd şəhərinə köçürülür.
Doğma yurdlarına qayıdan sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Onlar torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini ehtiramla anıblar.