BAKI, 17 noyabr. TELEQRAF

Dövlət sərhədindən buraxılış məntəqəsində saxta sənədlərlə yük keçirməyə cəhd edən iki sürücü saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, DSX-nin Sərhəd Nəzarətinin "Samur" dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan Rusiya istiqamətində hərəkət edən "Mercedes" və "Renault" markalı yük nəqliyyat vasitələrinə baxış keçirilib. Yoxlama zamanı "Mercedes" markalı avtomobildə 9 ton 200 kiloqram, "Renault" markalı nəqliyyat vasitəsində isə 14 ton 445 kiloqram avtomobil ehtiyat hissəsi aşkarlanıb.

Yüklərə dair sənədlərin yoxlanılması nəticəsində təyinat ölkəsi dəyişdirilməklə saxtalaşdırılmış müşayiətedici sənədlərin təqdim olunduğu müəyyənləşib və hər iki nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.