BAKI, 19 iyun. TELEQRAF

Çində tapılan, təxminən bir milyon il yaşı olan qədim insan kəlləsi elm adamlarının insan təkamülü ilə bağlı hazırkı təsəvvürlərini dəyişə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Daily Galaxy” nəşri yazıb.

“Yunxian 2” adı ilə tanınan, 1990-cı ildə tapılan kəllə uzun illər Homo erektus növünə aid hesab edilib. Amma müasir üsulların tətbiqi nəticəsində alimlər fosilin əvvəllər müəyyən edilməyən anatomik xüsusiyyətlərini üzə çıxarıblar.

Kəllənin zədələnmiş hissələri bərpa edilib. Nəticələr göstərib ki, fosildə həm Homo erektus, həm də “Əjdaha adam” kimi tanınan Homo lonqi, hətta Homo sapiensə xas xüsusiyyətlər mövcuddur.

Tədqiqatçılar “Yunxian 2”ni 100-dən çox digər fosillə müqayisə etdikdən sonra onun müxtəlif insan qruplarına məxsus əlamətləri birləşdirdiyini üzə çıxarıblar.

Fudan Universitetinin alimi Xijun Ni əldə nəticələri “gözlənilməz” adlandırıb. Onun sözlərinə görə, nəticələrin doğruluğunu təsdiqləmək üçün müxtəlif modellər və metodlar dəfələrlə sınaqdan keçirilib.

London Təbiət Tarixi Muzeyinin tədqiqatçısı Kris Strincer isə qeyd edib ki, kəşf insanın əsas təkamül qollarının təxminən bir milyon il əvvəl ayrıldığını göstərə bilər. Bu isə əvvəlki hesablamalarla müqayisədə həmin prosesin təxminən 400 min il daha erkən baş verdiyini ehtimal etməyə əsas verir.

Alimlərin fikrincə, araşdırmanın nəticələri neandertalların və müasir insanların əcdadlarının indiyədək qəbul ediləndən daha erkən dövrdə formalaşmağa başladığını göstərə bilər.