BAKI, 14 noyabr. TELEQRAF

Fransanın paytaxtında qiymət artımına etiraz edən nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaşanıb. Aksiya iştirakçıları polisə daş və butulkalar atıblar.

Teleqraf xəbər verir ki, bu barədə hadisə yerində olan TASS müxbiri məlumat yayıb.

Məlumata görə, Respublika meydanından başlayan yürüş zamanı bəzi iştirakçılar onları müşayiət edən polisləri təhqir ediblər. Nümayişçilər marşrut boyunca bir neçə reklam lövhəsini və ictimai nəqliyyat dayanacağını da dağıdıblar.

Yürüşün sonuna yaxın üzlərini maskalarla gizlədən, tünd geyimli bir qrup şəxs hüquq-mühafizə əməkdaşlarına daş və butulkalar atmağa başlayıb. Polis isə asayişi pozanları dağıtmaq üçün səs qumbaralarından istifadə edib.

Qeyd edək ki, Fransada kütləvi etirazlar sentyabrın sonlarından keçirilir. Həmin vaxt məktəblilərin bir qismi təhsil müəssisələrinin bərbad vəziyyətinə, dərs cədvəllərinin həddindən artıq yüklənməsinə və bəzi fənlər üzrə müəllim çatışmazlığına etiraz olaraq məktəbləri bağlamağa başlayıb.