BAKI, 14 noyabr. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Avropa İttifaqının Ukraynaya ayırdığı maliyyə vəsaitini azaltmaq Kiyevi ədalətsiz sülhə razılaşmağa məcbur edə və Avropanın təhlükəsizliyini təhdid altına sala bilər.

Teleqraf xəbər verir ki, bu barədə Fransa lideri “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

Makron Ukraynaya ayrılan resursların məhdudlaşdırılmasını istəyənləri məğlubiyyətə köklənməkdə ittiham edib. Onun sözlərinə görə, belə bir addım Ukraynanı uzun müddət zəif vəziyyətdə qoymaqla yanaşı, bütün Avropanı da təhlükə qarşısında qoya bilər.

“Bu, məğlubiyyət ruhudur və növbəti müharibəyə aparan yoldur. Fransa belə mövqeni bölüşə bilməz”, - Makron vurğulayıb.

Fransa Prezidenti qeyd edib ki, Paris üçün əsas prioritet Kiyevlə əməkdaşlıq edərək ədalətli və davamlı sülhə nail olmaqdır. O, həmçinin Avropanın münaqişənin nizamlanması ilə bağlı müzakirələrdə tamhüquqlu iştirak etməli olduğunu bildirib. Makronun fikrincə, bu prosesdən qitənin təhlükəsizliyi də asılıdır.