BAKI, 14 noyabr. TELEQRAF

Rusiya, ABŞ və Çin liderlərinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilməsi gözlənilən üçtərəfli görüşü konkret razılaşmalarla nəticələnməsə belə, dövlətlər arasında dialoqun başlanmasına zəmin yarada bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Foreign Affairs” jurnalında Corctaun Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Çarlz Kupçan yazıb.

Müəllifin fikrincə, ABŞ prezidentləri indiyədək Rusiya və Çin liderləri ilə belə üçtərəfli danışıqlar aparmayıblar. Bu format tərəflər arasında mövcud soyuqluğu aradan qaldıra və üç böyük dövlətin dialoqunu adi diplomatik praktikaya çevirə bilər.

Jurnal ilk görüşdən həddindən artıq böyük nəticələr gözləməməyi tövsiyə edir. Müəllif hesab edir ki, tərəflər Ukrayna, İran, Koreya yarımadası, silahlara nəzarət və strateji sabitlik kimi məhdud sayda məsələlərə diqqət yetirməlidirlər.

Ukrayna məsələsində irəliləyiş imkanlarının məhdud olduğu bildirilsə də, gərginliyin azaldılmasına dair müəyyən razılaşmaların əldə olunması istisna edilmir. Nəşr ABŞ və Çinin əməkdaşlığının diplomatik həllə töhfə verə biləcəyini qeyd edir. Bununla yanaşı, Vaşinqtonun Kiyev və Avropa dövlətlərinə sonradan qəbul etdirilə biləcək qapalı razılaşmalardan çəkinməli olduğu vurğulanır.

Silahlara nəzarət sahəsində isə ilk görüşün əsas məqsədi gələcəkdə diplomatlar və mütəxəssislər tərəfindən davam etdiriləcək müzakirələrə başlamaq ola bilər. Nüvə arsenalının məhdudlaşdırılması ilə yanaşı, hərbçilər arasında əlaqələrin qurulması, böhranların qarşısının alınması və hərbi təlimlər barədə əvvəlcədən məlumat mübadiləsi də gündəmə gətirilə bilər.

“Foreign Affairs” hesab edir ki, üçtərəfli formatın əhəmiyyəti hazırkı liderlərin səlahiyyət müddəti başa çatdıqdan sonra da özünü göstərə bilər. Belə dialoqun başlanması siyasi sistemlər və milli maraqlar arasındakı fərqlərə baxmayaraq, gələcək rəhbərlərin əməkdaşlıq imkanlarını genişləndirə bilər.

Qeyd edək ki, Vladimir Putin, Donald Tramp və Si Cinpinin görüşü noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində nəzərdə tutulub.