BAKI, 14 noyabr. TELEQRAF

Son 24 saat ərzində qlobal kriptovalyuta birjalarında 163 mindən çox treyderin ümumilikdə 804 milyon dollar dəyərində ticarət mövqeyi məcburi bağlanıb.

Teleqraf xəbər verir ki, bu barədə “CoinGlass” platformasının məlumatlarında bildirilir.

Məlumata görə, ləğv edilən mövqelərin böyük hissəsi bitkoinlə bağlı olub. Belə ki, bu kriptovalyutanın payına 325,76 milyon dollar düşüb. Ləğv edilmiş mövqelərin 739,86 milyon dolları uzun, 65,32 milyon dolları isə qısa mövqelər olub.

Son 24 saat ərzində ən böyük məcburi ləğvetmə əməliyyatı “Binance” kriptobirjasında BTCUSDC ticarət cütlüyü üzrə həyata keçirilib. Əməliyyatın dəyəri 8,75 milyon dollar təşkil edib.

“CoinMarketCap” platformasının məlumatına əsasən, ümumi kriptovalyuta bazarının kapitallaşması 2,23 trilyon dollar olub. Bunun 1,32 trilyon dolları bitkoinin (59,5%), 226,16 milyard dolları isə “Ethereum”un (10,2%) payına düşüb.

“Binance”ın Bakı vaxtı ilə saat 18:56-ya olan məlumatına görə, bitkoinin qiyməti 4,32 faiz azalaraq 65 924 dollar, “Ethereum”un qiyməti isə 4,8 faiz ucuzlaşaraq 1 853 dollar olub.

Qeyd edək ki, kriptovalyuta mövqeyinin ləğvi kredit çiyni ilə ticarət zamanı treyderin zərərinin təminat məbləğini aşması səbəbindən birja tərəfindən əməliyyatın məcburi bağlanmasıdır.