BAKI, 14 noyabr. TELEQRAF

Vaşinqtonun Avropadakı hərbi qüvvələrini 25 min nəfər azaltmaq ehtimalından narahat olan NATO müttəfiqləri indi ixtisarın təxminən 5 min hərbçi ilə məhdudlaşacağını gözləyirlər.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, hazırda ABŞ-nin Avropadakı hərbi kontingentinin sayı təxminən 80 min nəfərdir. Avropa müttəfiqləri əvvəllər Vaşinqtonun 25 min hərbçini geri çəkəcəyindən ehtiyat edirdilər. Lakin indi ixtisarın təxminən 5 min nəfər olacağı gözlənilir.

Bu dəyişiklik NATO üzvü ölkələrin müdafiə xərclərini artırması və bunun Vaşinqtonda müsbət qarşılanması ilə əlaqələndirilir. Bundan başqa, Pentaqon rəhbərliyi İranla münaqişə şəraitində ABŞ-nin Avropadakı hərbi mövcudluğunun əhəmiyyətini dərk edib. Agentliyin yazdığına görə, İrana qarşı hərbi əməliyyatlar zamanı ABŞ Avropadakı bazalara və müttəfiq ölkələrin hava məkanından istifadə imkanlarına güvənir.

“Bloomberg”in məlumatına əsasən, ixtisarlar əsasən Almaniyaya təsir edəcək, NATO-nun şərq cinahı isə gücləndiriləcək.

Agentlik qeyd edir ki, Pentaqon rəhbəri Pit Heqset dekabrın 1-dək məsələ ilə bağlı yekun tövsiyələrini ABŞ Prezidenti Donald Trampa təqdim etməlidir.