BAKI, 14 noyabr. TELEQRAF

Macarıstanın keçmiş milli inkişaf naziri, parlament üzvü Mikloş Şestağı ciddi korrupsiya cinayətlərində şübhəli bilindiyinə görə deputat mandatından imtina etməyə çağırıblar.

Teleqraf xəbər verir ki, bu barədə Xristian Demokratlar Xalq Partiyasının parlament fraksiyasının rəhbəri Bence Retvari “Facebook” səhifəsində paylaşım edib.

O, sabiq naziri mandatını təhvil verməyə çağırıb. Bence Retvari Şestağın adını təmizləməli və günahsız olduğunu sübut etməli olduğunu bildirib.

Sabiq nazir sentyabrın sonunda məhkəmənin qərarı ilə həbs edilib. Bundan əvvəl parlament onun deputat toxunulmazlığını ləğv edib.

Retvarinin sözlərinə görə, hüquq-mühafizə orqanları Şestaqla bağlı iş çərçivəsində külli miqdarda nağd pul müsadirə edib.

Noyabrın 13-də Macarıstanın Korrupsiya ilə Mübarizə üzrə Milli Aktivlərin Qaytarılması və Mühafizəsi İdarəsi ölkənin müxtəlif bölgələrindəki gizli yerlərdən 1,2 milyon dollar, 2,6 milyon avrodan çox və 5 milyard forint (13,7 milyon avro) aşkarlandığını açıqlayıb.

Sabiq nazirin vəkili isə həmin vəsaitlərin müdafiə etdiyi şəxsə məxsus olmadığını bildirib.