BAKI, 14 noyabr. TELEQRAF

ABŞ Nəqliyyat naziri Şon Daffi ölkə üzrə uçuşların kütləvi şəkildə dayandırılmasına köhnə mis naqillərin optik lif kabellərlə əvəzlənməsi zamanı yaranan texniki problemin səbəb olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Daffinin sözlərinə görə, işləri “L3Harris” texnologiya şirkəti həyata keçirib. Proses zamanı yaranan problem səbəbindən marşrutlaşdırıcı digər hava hərəkətini idarəetmə sistemlərinin həddindən artıq yüklənməsinə səbəb olub. Nəticədə təyyarələrlə əlaqə pozulub və təhlükəsizlik məqsədilə ABŞ hava məkanının bağlanması qərara alınıb.

Nazir ABŞ-nin telekommunikasiya sisteminin xeyli köhnəldiyini və naqillərin dəyişdirilməsi prosesinin artıq bir neçə ildir davam etdiyini bildirib. Onun sözlərinə görə, mövcud naqillər o qədər köhnəlib ki, artıq onların istifadəsindən imtina edilir.

Hazırda nasazlığın podratçı şirkətin əməkdaşlarının səhvi, yoxsa avadanlıqdakı texniki qüsur səbəbindən baş verdiyi araşdırılır.

ABŞ Federal Aviasiya Administrasiyasının rəhbəri Brayan Bedford isə sistemin yenilənməsi üçün maliyyə ayrılmayacağı təqdirdə oxşar nasazlıqların təkrarlanacağını bildirib. O, sistem dəyişdirilənədək problemlərin davam edəcəyini vurğulayıb.