BAKI, 14 noyabr. TELEQRAF

Almaniya kansleri Fridrix Merts elektrik enerjisinə tətbiq olunan vergini azaltmaq vədini yerinə yetirməsə, seçicilərin ona etimadı daha da zəifləyə bilər.

Teleqraf xəbər verir ki, bu barədə INSA Sosioloji Araşdırmalar İnstitutunun rəhbəri Herman Binkert “Bild” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, siyasətçilərin açıqlamaları vətəndaşlarda müəyyən gözləntilər yaradıb. Vəd edilən tədbirlərin həyata keçirilməməsi əhalinin hakimiyyətə münasibətinə mənfi təsir göstərə bilər.

INSA-nın araşdırmasının nəticələrinə əsasən, Almaniya sakinlərinin 88 faizi elektrik enerjisi vergisinin azaldılmasını dəstəkləyir.

Respondentlərin 47 faizi təklif olunan güzəştin dörd nəfərlik ailəyə ayda təxminən 8 avro qənaət etməyə imkan verəcəyini və bunun ailə büdcəsinə nəzərəçarpacaq dəstək olacağını düşünür. Eyni sayda iştirakçı isə belə qənaət olmadan da dolana biləcəyini bildirib.