BAKI, 31 may. TELEQRAF
NASA "Artemis" proqramı çərçivəsində Ayda məskunlaşma planını təqdim edib.
Teleqraf xəbər verir ki, bu layihə Yerin təbii peykində daimi infrastrukturun qurulmasını və insan varlığının mərhələli şəkildə təmin edilməsini nəzərdə tutur.
Planın icrası 2030-cu illərin ortalarınadək davam edəcək üç əsas mərhələyə bölünüb.
Birinci mərhələdə (2028–2029-cu illərədək) Ayın cənub qütbünə silsilə robotlaşdırılmış missiyalar göndəriləcək. Bu aparatlar ərazidə su buzu axtaracaq, torpaq qatını incələyəcək, rabitə, naviqasiya və enerji təchizatı sistemlərini sınaqdan keçirəcəklər. Məqsəd gələcək baza üçün uyğun ərazilər seçmək və idarəolunan kosmik gəmilərin enişi üçün texnoloji zəmin hazırlamaqdır.
İkinci mərhələdə (2029–2032-ci illər) enerji sistemlərinin, rabitə şəbəkələrinin, ilk yaşayış və elmi modulların inşasına başlanılacaq. Bu dövrdə astronavtların Ayda uzunmüddətli missiyaları və tikinti işlərində Ayeyən xüsusi nəqliyyat vasitələrindən (roverlərdən) aktiv istifadəsi gözlənilir.
Üçüncü mərhələ isə (2032–2035-ci illərdən etibarən) insanın Ayda daimi qalmasına keçidi nəzərdə tutur. Burada dayanıqlı yaşayış kompleksləri qurulacaq, yerli resurslardan su, oksigen və yanacaq istehsal edən sistemlər işə salınacaq, həmçinin heyətlərin müntəzəm növbələşməsi təmin ediləcək.
Beləliklə, NASA-nın planına əsasən, Ay infrastrukturunun ilk elementləri bu onilliyin sonunda peykə çatdırılacaq, daimi bazaya tam keçid isə 2030-cu illərin birinci yarısında reallaşacaq.