BAKI, 1 iyul. TELEQRAF
Davam edən qlobal qeyri-müəyyənliklərə baxmayaraq, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 2025-ci il üzrə illik hesabatı regionun dayanıqlılığını nümayiş etdirir.
Teleqraf xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, 2025-ci ildə real ÜDM artımı 2,9 faiz təşkil edib:
“Eyni zamanda üzv dövlətlər üzrə sağlam makroiqtisadi əsaslar ümumilikdə qorunub saxlanılıb.
İl ərzində regionun altı ölkəsinin ümumilikdə doqquz suveren kredit reytinqi yüksəldilib, heç bir ölkənin reytinqi isə aşağı salınmayıb. Bu nailiyyət regionun bütün ölkələrində siyasətçilərin ehtiyatlı iqtisadi idarəetməyə və struktur islahatlarına sadiqliyini əks etdirir.
Azərbaycan da bu müsbət inkişaflara fəal töhfə verib. Son illərdə ölkəmiz iqtisadiyyatın şaxələndirilməsi, fiskal dayanıqlılığın təmin edilməsi, rəqəmsal transformasiya və özəl sektorun aparıcı rolunun təşviqinə yönəlmiş islahatları davam etdirib. Eyni zamanda, Azərbaycan nəqliyyat, logistika və əlaqələndirici infrastruktur sahələrinə yatırımlarını davam etdirərək Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu daha da möhkəmləndirib”.