BAKI, 4 noyabr. TELEQRAF
2027-ci ildə Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 13 milyard 316,2 milyon manat, xərcləri isə 12 milyard 102,8 milyon manat proqnozlaşdırılır.
Teleqraf xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Məlumata görə, 2026-cı illə müqayisədə Fondun proqnozlaşdırılan gəlirləri 283,9 milyon manat və ya 2,2% çox, xərcləri isə 871,3 milyon manat və ya 6,7% azdır.
Fondun xərclərinin 11 milyard 900 milyon manatını Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert, 6,8 milyon manatını “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, 128 milyon manatını “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın, 40,4 milyon manatını Prezidentin “Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsinin, 27,5 milyon manatını isə Prezidentin “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının 1-ci hissəsində nəzərdə tutulan tədbirlərin maliyyə təminatı ilə bağlı xərclər təşkil edəcək.