BAKI, 4 noyabr. TELEQRAF
Azərbaycanın 2027-ci il dövlət büdcəsində iqtisadi fəaliyyətlə bağlı xərclər üçün (Dövlət əsaslı vəsait qoyuluşu 5 milyard 300 milyon manat vəsait istisna olmaqla) 3 milyard 607,3 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Məlumata görə, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 8,5% təşkil edəcəkdir.
2027-ci il dövlət büdcəsindən iqtisadi fəaliyyət xərcləri bölməsinə aid olan nəqliyyat və rabitə xərcləri üçün 785,1 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2026-cı illə müqayisədə 498,2 milyon manat və ya 2,7 dəfə, 2025-ci ilin icrası ilə müqayisədə isə 335,1 milyon manat və ya 1,7 dəfə çoxdur.
Naxçıvana edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin ödənilməsi məqsədilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 7,1 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2026-cı illə müqayisədə 1,2 milyon manat və ya 19,5% çoxdur.