BAKI, 4 noyabr. TELEQRAF
2027-ci ildə Azərbaycanın dövlət büdcəsinə vergi orqanlarının xətti ilə neft-qaz sektoru üzrə daxilolmaların 1 milyard 840 milyon manatı Dövlət Neft Şirkəti (SOCAR) üzrə büdcə ödənişlərinin, 320 milyon manatı “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi çərçivəsində mənfəət vergisinin və 1 milyard 420 milyon manatı “Şahdəniz” qaz-kondensat layihəsi üzrə mənfəət vergisinin payına düşəcək.
Teleqraf xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Məlumata görə, SOCAR və onun törəmə müəssisələri tərəfindən dövlət büdcəsinə nəzərdə tutulan 1 milyard 840 milyon manat məbləğində vergi ödənişləri 2026-cı ilin müvafiq proqnoz göstəricisi ilə müqayisədə 140 milyon manat və ya 8,2%, 2025-ci ilin icrası ilə müqayisədə isə 44,6 milyon manat və ya 2,5% çoxdur.
2026-cı ilin proqnozu ilə müqayisədə artıma səbəb təbii qaz hasilatının 239,2 milyon kubmetr və ya 1,5% artaraq 16,3 milyard kubmetr təşkil etməsi, dizel yanacağı istehsalının 115,4 min ton və ya 5% çox olması, eyni zamanda ƏDV tutulan dövriyyənin artması ilə əlaqədar əlavə vergi öhdəliklərinin yaranması olub.
Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində AÇG layihəsi üzrə mənfəət vergisi 320 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin proqnozu ilə müqayisədə 20 milyon manat və ya 6,7%, 2025-ci ilin icrası ilə müqayisədə isə 28,3 milyon manat və ya 9,7% çoxdur. 2027-ci ildə AÇG layihəsi üzrə gündəlik xam neft hasilatı 316,4 min barel proqnozlaşdırılır.